Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddurbackend

Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri günbəgün bərqərar etdi. Yuxarı Qarabağ və işğal edilmiş ətraf rayonlarımızın tarixi-mədəni dəyəri, füsünkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Həmin ərazilərin iqtisadi potensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. İşğal nəticəsində minlərlə hektar əkinəyararlı ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan iqtisadiyyatına və dünyanın genofonduna milyardlarla manat həcmində ziyan vurulmuşdur.

İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Hətta ölkəmizdə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir. 2020-ci ildən başlayaraq Azərbaycan Ordusunun düşmən tapdağından azad etdiyi ərazilərin də uyğun qaydada bərpası həyata keçiriləcək. 1994-cü ildə uğurlu Horadiz əməliyyatından sonra Füzuli rayonunun 42 yaşayış məntəqəsinə həyat verildi. 2016-cı ilin aprelində hərbi qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi – “Böyük qayıdışın başlanğıc” nöqtəsi oldu. Dövlətin diqqət və qayğısı nəticəsində Cocuq Mərcanlı kəndi qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. Bu məqsədlə Azərbaycan Prezidenti tərəfindən ardıcıl olaraq bir neçə dəfə Sərəncam imzalanıb. Cocuq Mərcanlı hazırda işğal altında olan istənilən kənd yaşayış məntəqəsi ilə müqayisədə daha abaddır, iş yerləri və sosial xidmətlərlə daha yüksək səviyyədə təmin olunub. Bu da Azərbaycan və Ermənistanın inkişafa münasibətlərində fərqi göstərir. Artıq Tərtər rayonunun yenicə azad olunan Suqovuşan və Talış kəndlərinə gedən 29 kilometrlik avtomobil yollarının bərpası başlayır. Bir sözlə, Azərbaycan torpaqlara qayıtdıqca həyat da canlanır. Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi və digər zərərsizləşdirmə tədbirləri görülür, daha sonra kommunikasiyalar qurulur və nəhayət yaşayış və istehsal təmin edilir. Torpaqlar işğaldan azad edildikcə “Böyük qayıdış” da davam edir.

Nəsimi rayon sakini

Aytəkin Kərimova