Qarabağdan bəhs edən erməni filmi kinofestivaldan çıxarıldı – Polad Bülbüloğlunun tələbi iləbackend

Qarabağdan bəhs edən erməni filmi kinofestivaldan çıxarıldı – Polad Bülbüloğlunun tələbi ilə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 1-də başlanan Moskva Beynəlxalq Kinofestivalının təşkilatçıları Ermənistan kinorejissoru Civan Avetisyanın “Cənnət qapıları” filminin nümayişini festivalın müsabiqədənkənar proqramından çıxarıb.

Bu barədə məlumatı “Exo Moskvı” radiosuna festivalın proqram direktoru Kirill Rzaloqov verib. O qeyd edib ki, bu qərar Dağlıq Qarabağ regionunda vəziyyətin kəskinləşməsi ilə bağlı verilib.

Rzaloqovun sözlərinə görə, bundan əvvəl filmin festivaldan çıxarılmasını Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tələb etmişdi. Avetisyan özünün “Facebook” səhifəsində filmin festivala qaytarılmasını tələb edən şərhə cavab olaraq yazıb: “Biz çətin zamanda yaşayırıq. Cəbhədə qəddar mübarizə gedir və mən təşəkkür edirəm ki, siyasəti incəsənətdən ayıra bilən insanlar var. Onlar üçün kinematoqrafda və dünyada sülh çox mühümdür”.

Bu da qeyd olunur ki, Azərbaycan rejissoru İsmayıl Səfərlinin “Balıqçının qızı” filmi festivalda saxlanıb.

Avetisyana gəlincə, onun Qarabağ münaqişəsi zamanı üç yeniyetmənin həyatından bəhs edən “Tevanik” filmi də daxil bir neçə filmləri beynəlxalq festivallarda mükafatlar alıb. “Cənnət qapıları” filmində də Dağlıq Qarabağda baş verən hadisələrdən bəhs olunur. Rusiya kino tənqidçilərindən Yeqor Belikov “Exo Moskvı” radiosuna deyib ki, “Cənnət qapıları” filmini bu festivalda göstərmək olardı, çünki film antimüharibə mövzusunda çəkilib. Moskva Kinofestivalı oktyabrın 8-dək davam edəcək. (azadliq.org)