Qarabağda xidmət keçən artilleriya generalı Oleq Yeqorov kimdir? – DOSYEbackend

Qarabağda xidmət keçən artilleriya generalı Oleq Yeqorov kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il noyabrın 10-dan etibarən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaya əsasən, Qarabağ bölgəsinə Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.

Sülhməramlı kontingentin strukturu barədə ötən 13 ayda geniş məlumat olmasa da, üçtərəfli razılaşmaya əsasən, şəxsi heyət sayının 1960 nəfərlə məhdudlaşacağı, kontingentə Rüstəm Muradovun rəhbərlik edəcəyi məlum idi. Sülhməramlı kontingentin əsasını Rusiya Mərkəzi Hərbi Dairəsinin əlahiddə 15-ci motoatıcı briqadasının hərbçiləri təşkil edib.

General-leytenant, Rusiya Qəhrəmanı Rüstəm Muradov 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrına qədər sülhməramlılara komandanlıq etdi. Ardınca, komandan postunda onu qısa müddətə general-mayor Mixail Kosobkov əvəzlədi. Hazırda sülhməramlı kontingentin komandanı səlahiyyətlərini general-leytenant, Rusiya Qəhrəmanı Gennadi Anaşkin icra edir. Amma kontingentin strukturunda önəmli rol oynayan daha bir general xidmət keçir.

DİA.AZ-ın məlumatına görə, lent.az kölgədə qalan, lakin sülhməramlıların Qarabağdakı fəaliyyətində önəmli rol oynayan şəxs – sülhməramlı kontingentin komandan müavini, general-mayor Oleq Yeqorovun qısa dosyesini təqdim edir:

Oleq Yeqorov 1966-cı il mayın 24-də Moskva vilayətinin Kolomna şəhərində anadan olub. O 1987-ci ildə Kolomna ali artilleriya məktəbini bitirərək zabit rütbəsi alıb.

Yeqorov 2001-ci ildə Hərbi Artilleriya Universitetini, 2008-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının hərbi akademiyasını bitirib.

O 2011-ci ilin mayında hələ polkovnik rütbəsi daşıdığı zaman Mixaylovsk hərbi artilleriya akademiyasının rəis müavini təyin olunub. Rusiya Prezidenti Vladimir Putinin 2018-ci il 11 iyun tarixli fərmanı ilə Oleq Valeryeviç Yeqorova general-mayor ali hərbi rütbəsi verilib.

Qarabağdakı sülhməramlı kontingentin rəsmi xronikasında generalın adı ilk dəfə 2021-ci il avqustun 22-də çəkilib.

Həmin gün Oleq Yeqorov Xankəndi yaxınlığında Rusiya Dövlət Bayrağı Günü münasibətilə təntənəli mərasimdə iştirak etdi. Onun rəhbərliyi altında sülhməramlı kontingent uzunluğu 50, eni 5 metr olan Rusiya bayrağını dalğalandırıblar.

Mərasimin sonunda şəxsi heyət hərbi vətənpərvər mahnılar ifa edərək təntənəli yürüş keçiriblər.

Artilleriya generalının 2021-ci ilin yayında 10 il çalışdığı Mixaylovsk hərbi artilleriya akademiyasındakı vəzifəsindən azad olunaraq Qarabağa ezam olunduğu bildirilib.

Hərbi elmlər üzrə fəlsəfə doktoru olan Yeqorov hərbi xidmət dövründə 2-ci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni və s. təltif olunub.

55 yaşlı Oleq Yeqorov hazırda da Azərbaycanın Qarabağ bölgəsində hərbi xidmətini davam etdirir.