QARABAĞDA TOQQUŞMALAR: RUSİYANIN UDUŞU NƏDİR? – TƏHLİLbackend

QARABAĞDA TOQQUŞMALAR: RUSİYANIN UDUŞU NƏDİR? – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti gərginlik xarici işlər nazirlərinin Tiflis görüşündən sonra başladı. TİA.Az məlumat verir ki, Rusiya Azərbaycan və Ermənistanın öz problemlərini ikitərəfli formatda müzakirə etməsində, hərtərəfli sülh müqaviləsinin hazırlanıb imzalanmasında və beləliklə, problemə nöqtə qoyulmasında maraqlı deyil. Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Moskva 10 noyabr Bəyanatının çərçivəsi içərisində hərəkət etməyi məsləhət bilir: “Sülh müqaviləsi Qarabağdakı “sülhməramlı” kontingentə ehtiyac olub-olmadığı sualını gündəmə gətirəcəyi üçün burada idarəolunan gərginliyin qalması, zaman-zaman silahlı provokasiyaların baş verməsi Moskvanın marağındadır.

Konflikt situasiyasının davam etməsi sülhməramlıların qalmasını da zəruri edir və bir növ legitimləşdirir. Rusiya dünyaya bu mesajı çatdırır ki, azərbaycanlılar və ermənilər hələ də bir-birini didməyə hazırdır və mən olmasam, burada nələr baş verə biləcəyini düşünün. Bu halda Qərb də yerli ermənilərin təhükəsizlik təminatı kimi Qarabağda rus əsgərlərinin qalmasına isti baxmağa başlayır”.
Təhlilçi deyir ki, ona görə də tərəflər əgər həqiqətən qəti çözüm istəyirlərsə, təxribatlara mümkün qədər uymamalı, masanı devirməməli və ikitərəfli müstəvidə dialoqu davam etdirməlidir: ” Lakin vəziyyəti çətinləşdirən əsas amil ondan ibarətdir ki, Qarabağdakı yerli qanunsuz silahlı dəstələr Paşinyan hökumətinə tabe deyil, hətta sabah Ermənistandan gəlmiş hərbi birləşmələr oradan çıxarılsa belə, Rusiya yenə “DQR ordusu”nun əli ilə təxribatlar törədə bilər – necə ki, bunu edir. Digər tərəfdən, Paşinyan hökumətinin dayaqları möhkəm deyil və içəridə kifayət qədər resursa malik, Rusiyaya bağlı müxalifət var. Rusiya hələ də Ermənistan daxilində destabilizasiya və xaos yaratmaq imkanındadır. Bu səbəbdən, Paşinyan hökuməti Azərbaycanla dialoqda özünü çox ehtiyatlı davranmaq zorunda hiss edir. Uzun sözün qısası, qapalı dairədən hələ ki çıxa bilmirik”.

TİA.Az