Tribuna İnformasiya Agentliyi

Qarabağ qazisi pensiyasını ala bilmir

12 Mart

Fikrət Firidova verilməli olan 11 illik artım pensiyası ödənilmir, dövlət qurumundan isə deyirlər ki…

“Mən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak eləmişəm. 706 saylı hərbi hissədə əvvəlcə sıravi, sonra hərbi hissə komandirinin əmri ilə 1993-cü il, yanvarın 1-dən bölük komandiri vəzifəsinə təyin olunmuşam. Həmin il yanvarın 14-də ağır yaralanmışam. 2-ci qrup əliləm” .

Bu sözləri “Yeni Müsavat”a ünvanladığı məktubda Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, bina 127, mənzil 63-də yaşayan Qarabağ qazisi Firidov Fikrət Talış oğlu yazıb.

Onun sözlərinə görə, qanuna əsasən bölük komandiri vəzifəsindən hərbi qulluqçu kimi təqaüd almaq hüququ məhz 2004-dən yaranıb. Qarabağ qazisi bildirir ki, ona pensiya təyin edilərkən bölük komandiri yox, sıravi əsgər kimi ayrılıb.

“Pensiya hüququmu bərpa etmək məqsədilə bölük komandiri vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi pensiya təyin olunması üçün məlumat vərəqəsini Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərmişəm. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2017-ci ildə qətnaməsi ilə iddia tələbim təmin olunub. Bakı Apelyasiya Məhkəməsi də bu qətnaməni qüvvədə saxlayıb. Mənə təyin edilmiş pensiya artımını 2015-ci ildən 2018-ci il tarixdən olan hissəsi 1 il ərzində aylıq pensiyama əlavə edilib, ödənilib. Amma ödənilməli olan 2004-cü ildən 2015-ci il tarixə qədərki pensiyam verilməyib. Dəfələrlə şifahi və yazılı müraciətlərimə baxmayaraq, 11 illik bölük komandiri pensiyam ödənilməyib”, – deyə Qarabağ qazisi məktubunda yazıb.

F.Firidov xatırladıb ki, konstitutsiyanın 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur: “Ona görə 2-ci qrup Qarabağ əlili olmağımı və xəstəliyimlə əlaqədar müalicəyə ehtiyacımın olduğunu nəzərə almağınızı, 2004-dən 2015-ci ilə qədər hesablanmış pensiyamın ödənilməsini təmin etməyini xahiş edirəm. Mən vətən uğrunda sağlamlığımı itirmişəm. İndi müalicəm üçün maddi imkanım yoxdur. Məhkəmələrin qətnaməsi var, mənə hesablanmış 11 illik pensiyam ödənilməlidir. Mən cənab prezidentdən, Mehriban xanımdan, nazir Sahil Babayevdən köməklik göstərilməsini xahiş edirəm”.

Картинки по запросу Fazil Talıblı

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qəzetimizə bildirdi ki, vətəndaşın işi barədə DSMF-yə sorğu göndəriləcək, məsələ aydınlaşdırılacaq.

Problemi diqqətdə saxlayacağıq.

Emil SALAMOĞLU