Qarabağ qazisi özünü yandırıb, vəziyyəti ağırdırbackend

Qarabağ qazisi özünü yandırıb, vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 4-ü günorta saatlarında 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 02.01.1965-ci il təvəllüdlü Həsənov Nazir Məmmədhəsən oğlu özünü yandırıb.

O, Ucarın Alpout kəndində yaşadığı evin həyətində üzərinə benzin tökərək intihara cəhd edib.

Buna səbəb 10 ilə yaxın müddətdə aldığı 2-ci qrup əlillik pensiyası və prezident təqaüdündən məhrum olunmasıdır.Qazi 5 saylı Şəhər Kliniki Tibbi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Toplum TV-nin əməkdaşına bildiriblər ki, Nazir Həsənovun bədəninin 90 faizi yanıb, vəziyyəti ağırdır: “Hadisə nəticəsində baş nahiyəsinin ön və arxa tərəfi, döş qəfəsi, boğaz, aşağı ətrafların ön və arxa hissəsi tamamilə yanıb. Tənəffüs telləri yararsız vəziyyətə düşüb, vəziyyəti ağırdır. Yaşaması üçün əlimizdən gələn hər şeyi edirik, lakin yaşaması barədə heç nə deyə bilmərik, bacardığımızı edirik”.

Nazir Həsənovun oğlu Mübariz Həsənov Toplum TV-yə deyib ki, o, ədalətin bərpa olunması üçün hər addımı atacaq:

“Atam 10 ildir ki, hər ay 500 manat əlillik və 350 manat prezident təqaüdü alırdı. 1 il əvvəl Əlillərin Bərpa və Reabilitasiyası Mərkəzində komissiya təşkil olundu. Atama deyildi ki, aldığı xəsarətlər onda anadangəlmədir, buna görə də hərbi əlillik pensiyasını kəsdilər. Əvəzində 3-cü qrup mülki pensiya verdilər. Cəmi 120 manat pensiya və 80 manat veteranlıq pulu alır. Bu nə qərardır, niyə belə ediblər? Mənim atam Qarabağda vuruşanda nazirlər kef içində yaşayırdı. Belə ədalətsizlik olar?”

Mübariz Həsənov deyir ki, hadisə zamanı evdə ailə üzvləri olub.

Atası bu hadisəni ailə üzvlərindən xəbərsiz edib:

“Evdəkilər onun hərəkətlərindən şübhələnib. Köynəyini çıxarıb həyətə düşüb, get-gəl etməyə başlayıb. Bir də görüblər ki, atam yanır, birtəhər söndürüb qurumlara zəng ediblər. Atam bu hadisəyə qədər müraciət etmədiyi qurum qalmayıb. Hər yerə yazıb, gedib, indi işi Şəki Apellyasiya Məhkəməsindədir. Başında, qulağında qəlpələr doludur. Komissiya görmürdü ki, bu qəlpələr anadangəlmə deyil?”

Mübariz Həsənov ailəsinin maddi durumlarının heç də yaxşı olmadığını, atasının bu problemlərə qədər isə normal dolanışıqlarının olduğunu deyir:

“Mən özüm də hərbidə işləyirəm. 682 manat mənim aylıq maaşım, 800 manat isə kreditimdir. Necə ödəyək? Evə bazarlıq etməyə atam qoymurdu ki, xirtdəyə qədər borcun içindəyik. Bizim durumumuza gəlib baxsınlar. Sahil Babayev nə istəyirdi mənim atamdan? İndi 200 manat atam, milyonlar isə Sahil Babayev kimi nazirlər bu dövlətdən alır. Niyə imkan vermirlər ki, bu ölkə, dövlət üçün canından keçənlər yaşasın? Hamısı cavabını alacaq”.