“Qarabağ”ı nələr gözləyir?backend

“Qarabağ”ı nələr gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

TİA.AZ  qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bakıda 3:2 hesabı ilə qalib gəldiyi İsveçrə “Sürix”inin qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Növbəti mərhələyə adlamaq üçün Ağdam klubunu heç-heçə də qane edir. Artıq səfər qolu qaydası ləğv olunduğundan komanda əsas və əlavə vaxtda 1 top fərqi ilə uduzarsa, penaltilər seriyası təyin olunacaq.

“Qarabağ” bu gün  mərhələ adlayarsa və ya adlamazsa onun üçün avrokubokdakı gələcək müsbət və mənfi ssenari necə olacaq?

Ağdam klubunun bu gün mərhələ adlaması komandaya Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazandırmaqla yanaşı aşağıdakı üstünlükləri də verəcək:

1. UEFA Konfrans Liqasının qrupu və həmin turnirin mükafatı kimi  2,9 milyon avro avtomatik olaraq təmin ediləcək.

2. UEFA Avropa Liqasının pley-off mərhələsi təmin ediləcək.

3. Komanda Çempionlar Liqasının “pley-off”una bir mərhələ də yaxınlaşacaq.

Bu o deməkdir ki, “Qarabağ” ÇL-də üçüncü mərhələni uduzacağı halda belə, Avropa kuboklarında mübarizəni davam etdirəcək (ən pis halda Konfrans Liqasının qrupunda).

Yeri gəlmişkən, “Qarabağ” – “Sürix” cütünün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların Budapeştdəki ilk görüşündə Slovakiya klubu 2:1 hesabı ilə qələbə qazanıb. Komandaların cavab görüşü bu gün Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Bəs, “Qarabağ” bu gün “Sürix”ə uduzaraq mərhələ adlamazsa, nə olacaq? 

Bu halda da komanda Avropa kuboklarında mübarizəni davam etdirəcək. Bu dəfə Avropa Liqasının üçüncü təsnifat mərhələsində. Rəqib isə ÇL-in ikinci təsnifat mərhələsinin digər cütü – “Budyo Qlimt” (Norveç) – “Linfild” (Şimali İrlandiya) cütünün məğlubu olacaq. Bu komandaların Şimali İrlandiyadakı ilk oyununda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar. Norveçdəki cavab görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Avropa Liqasında 3-cü mərhələnin qalibi ən azı turnirin “pley-off”una və Konfrans Liqasının qrupuna vəsiqəni təmin edir. 3-cü mərhələdə məğlub olacaq komanda isə Avropa kubokunda mübarizəni bu dəfə Konfrans Liqasının pley-off mərhələsində oynamaqla davam etdirəcək.