Tribuna İnformasiya Agentliyi

Qanunsuz ov edən Türkiyə vətəndaşı saxlanıldı

11 Avqust

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birgə tədbirlər planına uyğun olaraq vətəndaşlardan daxil olmuş məlumat əsasında reyd keçiriblər.

ETSN-in mətbuat xidmətindən TİA.AZ-a bildiriblər ki, reyd zamanı Qobustan rayonunun Nardərən kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq şahin quşlarının tutulmasında şübhə yaradan “Niva” markalı 99 XR-136 dövlət qeydiyyat nişanlı avtomobil aşkarlanıb. Görülən operativ tədbirlər nəticəsində həmin avtomobil saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı yük yerində Şahin quşlarının tutulmasında istifadə olunan kustar üsulla hazırlanmış 50 ədəd cələ, 7 dəstə cələ ilgəkləri, 3 ədəd şahin quşu papağı, 1 baş ev göyərçinin cəsədi aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı qanunsuz ov edən şəxsin Türkiyə vətəndaşı İssi Ercan Mehmet olduğu müəyyən edilərək onun barəsində protokol tərtib olunub. Onun barəsində hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən zəruri tədbirlər görülür və bu istiqamətdə reydlər davam etdirilir.

Qeyd edək ki, Qobustan ərazisində brakonyerlərin şahin quşunu ovlaması barədə məlumat ETSN-ə vətəndaşlar tərəfindən daxil olub. Nazirlik təbiətin mühafizəsində diqqət və dəstək göstərən belə vətəndaşlara xüsusi təşəkkürünü bildirir.