Qalib dövlətin sağlam, vətənpərvər və savadlı gəncliyibackend

Qalib dövlətin sağlam, vətənpərvər və savadlı gəncliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir müstəqil dövlət üçün onun gənclərinin sağlam ruhlu və düşüncəli, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması önəmlidir. 

Müasir dünyamızda cəmiyyətin aparıcı qüvvəsi kimi səciyyələndirilən gənclik özündə həm də inkişaf və inteqrasiyanı birləşdirir və məhz bu keyfiyyətlər onlarla birlikdə addımlayır. Bu baxımdan  gənclik və onun gələcək təlim-tərbiyə modelinin sağlam təməllər üzərində qurulması hər bir cəmiyyəti düşündürən əsas məsələlərdən biridir.

Hazırda Azərbaycanda da uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət- gənclər siyasəti nəticəsində indi Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasətin prioritet istiqamətlərinə gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmini aiddir.

Hazırda informasiya cəmiyyətinin sürətlə formalaşdığı və qloballaşmanın vüsət aldığı müasir dövrümüzdə gəncliyin potensialından geniş istifadə olunmasına əlverişli şərait yaradılıb.  Azərbaycan gənclərinin bir şəxsiyyət, əsl azərbaycanlı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Bu xidmətlərdən bir neçəsini sadalamaq yerinə düşər. Hələ 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov, Minsk kimi şəhərlərinin aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. On ildən sonra isə bu say 3500 nəfərə çatdı. Həmin gənclər daha sonra ali təhsilli mütəxəssis kimi ölkəmizdə müxtəlif sahələrdə bacarıqlı kadr kimi fəaliyyətə başladılar.

İnkişafın əsas amilini gənclərin dövlət və cəmiyyətin bütün sahələrində iştirakında görən Heydər Əliyev bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin əsasını qoydu.  Daha sonra gənclərin ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider tərəfindən 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Dünya üzrə gənclər günü isə yalnız 3 il sonra-1999-cu ildə BMT-nin qərarı ilə elan edildi. Elə ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən danışarkən qeyd etdiyi sitatı xatırlamaq yerinə düşər: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.

Gəncləri vətənpərvər, sağlam düşüncəli, savadlı görmək istəyən  ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 1-də 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Əminliklə deyə bilərik  ki, ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə bu gün gənclər siyasəti əsası qoyulmuş təməllərə söykənərək, eləcə də müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə aparılır. Bunun nəticəsində dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin “Gənclər İli” elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir.

Bundan sonra ardıcıl olaraq, “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı”, 2008-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəxri sədrliyi ilə keçirilən Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, VI Beynəlxalq Elm Olimpiadası kimi önəmi tədbirlərin baş tutması gənclərə, xüsusilə, onların təhsil səviyyəsinin yüksəldilməsi yönündəki diqqətin nümunəsidir.

Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci elm, mədəniyyət, idman, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.

Başqa bir nüans “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunudur.  Bu Qanun ölkəmizdə bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi daşıyır.

Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə artıq gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayıb. Məhz yaranan bu problemləri müasir dünya kontekstində həll edə bilmək üçün Azərbaycan gənclərinin öz fəaliyytələrində daim aktiv və yararlılıq prinsipini əsas götürməlidirlər. XXI əsrin müasir informasiya əsri olmasını nəzərə alsaq, gənclərin üzərinə daha böyük məsuliyyət düşdüyünü anlayarıq. Aydın məsələdir ki, informasiya əsrində istənilən informasiya olduqca sürətlə qəbul edilib emal olunur. Bununla yanaşı qloballaşan dünyada dolğun və operativ informasiya internet vasitəsilə böyük kütlələrə daha tez çatma imkanına malikdir. Təcrübə göstərir ki, digər mübarizə metodlarına nisbətən informasiya mübarizəsi nailiyyət əldə etmək üçün daha effektivdir.

Buna misal olaraq, Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhə sayılan informasiya mübarizəsində də açıq üstünlüyünü və qalibiyyətini qeyd edə bilərik.

Gənclərin əsl vətəndaş kimi həyata hazırlanmasında idman əhəmiyyətli rol oynayır. Deyə bilərik ki, Azərbaycan gəncliyinin idman həyatı hərtərəfli inkişaf edib və bu gün gənclərin idmana marağı heç vaxt olmadığı qədər güclüdür. Bunun nəticəsidir ki, hər il dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında gənclərin göstərdikləri nəticələr respublikamızın adını hər yanda ucaldır.

XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə Prezident İlham Əliyevin bəyan etdiyi “Neft kapitalının insan kapitalına çevrilməsi” prinsipi istiqamətində görülən tədbirlərin ən böyük təsiri də məhz gənclərə oldu. Bu zaman gənclərin qarşıya qoyulan məqsədləri gerçəkləşdirməsi üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyacı yarandı. Bu addımlardan biri də könüllülük prinsipi oldu.  Bu gün Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində həm də bir könüllüdür. Gənclərin könüllülük fəaliyyəti həm də bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir.

Ölkəmizin ev sahibliyi etdiyi bir sıra mötəbər tədbirlərə – “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula -1” və digər kütləvi idman tədbirlərinə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü gənclər bazası formalaşdı. Heç şübhəsiz ki, qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz ölkənin birinci xanımının əzmkar fəaliyyəti nəticəsində bu mötəbər tədbirlərdə on minlərlə gəncin könüllülük fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.

Sadalanan bütün nümunələrdən də göründüyü kimi, dövlətin əsas prioritet məsələsi gənclərin inkişafı, onların cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmasıdır.

Azərbaycan gəncləri də öz növbəsində yaradılan səmərəli mühitdən maksimum faydalanmalı, dövlətin yürütdüyü gənclər siyasətindən istifadə etməklə həyatda özlərini təsdiq etməlidirlər. Unutmaq olmaz ki, Azərbaycanın gələcəyi, milli-mənəvi dəyərlərinin yaşadılması, mədəniyyətinin tanıdılması, elminin inkişafı və digər bütün müsbət dəyişiklikləri gənclərdən asılıdır. Bu məsuliyyətli vəzifədə bütün gənclərə uğur və möhkəm iradə arzu edirəm. Gənclər Günümüz mübarək, Azərbaycan gəncliyi!

Aydın Tağıyev

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri