Tribuna İnformasiya Agentliyi

Qalib Arifin oğlunun apellyasiya şikayəti təmin edilməyib

12 İyun

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, 1998-ci il təvəllüdlü Arif Rəhimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Rəhimovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, ötən ilin sentyabrın 7-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin (Rəhimov) oğludur. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib. Məhkəmədə Q.Arif iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.