“Qadınlar açıq-saçıq gəzməsəydi, ət bahalaşmazdı” – Qırğız mollasının sözləri aranı qatdıbackend

“Qadınlar açıq-saçıq gəzməsəydi, ət bahalaşmazdı” – Qırğız mollasının sözləri aranı qatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda bir din xadimi ölkə bazarlarında ətin qiymətinin kəlləçarxa çıxmasını qadınların bədənlərini daha çox açaraq özlərini “ucuzlaşdırması” ilə əlaqələndirib.

“Bilirsiz şəhərdə ət niyə bahalanır? Qadın əti ucuzlaşdığı üçün bahalanır. Qadınlar bədənlərini açanda, budlarını əlin baş barmağı kimi ortaya qoyanda onların əti ucuzlaşır”, – Sadibakas Doolov bu ayın əvvəlində paytaxt Bişkekdə bir mərasimdə deyib.

İslam universitetinin rəhbəri olmuş, mükafat almış molla ağsaqqalları “bu biabırçılığı” dayandırmağa, qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb.

53 yaşlı Doolovun moizəsinin videosu sosial videoda yayılandan sonra əsasən müsəlman ölkəsi olan Qırğızıstanda buna qəzəbli reaksiya verilib. Bəziləri mollanı qadınları təhqir etməkdə, onlara qarşı ayrı-seçkilikdə suçlayıb, cinayət işi açılmasına çağırıblar.

Ancaq ölkənin ali dini orqanı mollanı müdafiə edib, onun hansısa qaydanı pozmadığını bildirib. Qırğızıstan Müsəlmanlarının Dini İdarəsi (DUMK) Doolovun qalmaqallı çıxışı üzrə araşdırma aparıb.

Dövlətin dəstəklədiyi qurum bildirib ki, araşdırma Doolovun islam qaydalarını pozmadığını, kiminsə şərəf və ləyaqətini təhqir etmədiyini, siyasətə qarışmadığını üzə çıxarıb. Mollanın sözləri məhz bu üç kriteriya əsasında araşdırılıb. Molla 2020-ci ildə DUMK-nın nüfuzlu Aikol medalına layiq görülüb. Qurum Doolovun çıxışının sadəcə bir çoxları tərəfindən yanlış anlaşıldığını bildirib.

Bu araşdırmadan öncə isə iki qırğız fəal təhqiqat başladılması üçün hüquq-mühafizə orqanlarına rəsmi müraciət ediblər. Doolov özü 30 dəqiqəlik moizədə dediklərinin kontekstdən çıxarıldığını, tənqidçiləri tərəfindən yanlış yozulduğunu deyib.

Üzr istəmək fikri olmayan molla deyir ki, adamların öz mənəvi dəyərlərini nəzərdən keçirməsini, “hər şeyə görə hakimiyyəti və ticarətçiləri günahlandırmamasını” istəyib. “Bəzi sözlər deyilib ki, niyə ətin bahalanmasından danışırsız, ancaq qadınların çılpaq gəzməsi sizin şərəfinizi təhqir eləmir”, – deyən Doolov qadınları alçaltmaq niyyəti olmadığını sözlərinə əlavə edib.

Ancaq Qırğızıstanda bir çox sosial media istifadəçisi onu seksizmdə, nadanlıqda, dini yanlış yozmaqda suçlayıb. “Dahiyanədir! Zəhmət olmasa, Google-da (qadınların başdan ayağa örtüldüyü) bəzi ərəb ölkələrində ətin qiymətini yoxlayın, bu nəzəriyyənin orada işləyib-işləmədiyini görün”, – bir nəfər yazıb.

Bir qırğız qadın isə sarkazmla qeyd edib ki, belə ağır nəticələrini olacağını bilsəydi, qısa şort geyinməzdi. “Bütün bu iqtisadi böhranın və yolsuzluğun arxasında qadınlar dayanır”, – o yazıb.

Bir qırğız kişi Doolovun dediklərinin ekstremist ideya olduğunu deyərək, təhlükəsizlik xidmətini onun İslamı bu cür təfsir etməsini araşdırmağa çağırıb. Bəziləri isə ziddiyyətli ideyaları olan din xadimlərinin gənc nəslə islamı öyrətməsindən narahatlıq bildiriblər.

Doolov sosial mediada aktivdir, tez-tez videolar paylaşır. Onun Instagram-da 124 mindən çox izləyicisi, YouTube-da 200 minə yaxın abunəçisi var. Dini təhsilini 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində qonşu Tacikistanda özəl mədrəsədə alan Doolov Qırğızıstanın cənubundakı Oş Dövlət Universitetində filologiya da oxuyub.

Qırğız mediası onun ölkədə azı iki dini məktəbin başçısı olduğunu yazır. O hazırda Bişkekdə bir məscidin axundudur.

“Azadlıq” radiosu