Tribuna İnformasiya Agentliyi

Qaçqın evləri üzərindən ALVER – İTTİHAM

08 May

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinin məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən tikilən qəsəbələrdə yerləşən evləri və qurumun balansında olan digər mənzilləri qanunsuz olaraq müxtəlif şəxslərə verilməsilə bağlı bəzi məlumatlar yayılıb. Həmin məlumatlardan aydın olur ki, köhnə müqavilələr yeni tarixlə rəsmiləşdirilib və bir şəxsə bir neçə ünvanda mənzil verilib. Verilən mənzillərin isə eyni tarixli digər sənədlərlə kirayə verilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin 18.09.2003-cü il tarixli, 357 nömrəli əmrilə təsdiq olunmuş və yeni salınmış qəsəbələrdə məcburi köçkünlərə yaşamaq hüququ verən müqavilə forması təsdiq olunub. Lakin sonradan həmin müqavilə forması daha da təkmilləşdirilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilərək “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi” forması təsdiq edilib ki, bu müqavilə forması da Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru tərəfindən imzalanır və möhürlə təsdiq olunur.

Ancaq “Cümhuriyət” qəzetinin redaksiyasına daxil olan həmin məlumatlarda açıq şəkildə görünür ki, 2017-ci il tarixli müqavilələr köhnə, yəni 2003-cü ildə təsdiq edilmiş formada hazırlanıb. Həmçinin müqavilə sənədlərində digər qanun pozuntuları da açıq şəkildə görünür. Belə ki, 20 oktyabr 2017-ci il tarixli sənəddə Ağdam rayon İcra Hakimiyyəti başçısının Yeni İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi təsdiq edir ki, adıçəkiən qəsəbədə 26 nömrəli 3 otaqlı ev 2014-cü ildə “Qaçqınkom” tərəfindən Həsənova Tərgül Surxay qızına 5 nəfər ailə üzvü ilə birlikdə verilib. Tərgül Həsənovanın ailə üzvləri arasında isə Həsənova Təranə Məhəmməd qızının da adı qeyd olunub.

Həmin sənəddə həmçinin qeyd olunur ki, 27 iyul 2017-ci ildə Həsənova Təranə Məhəmməd qızı və onun övladları- Həsənov Elnur Çələbi oğlu və Həsənov Elbəyi Çələbi oğlu miqrasiya ilə əlaqədar qeydiyyatdan çıxarılıb.
İlk baxışda bu sənədlərdə heç bir problem görünməsə də, ardınca rəsmi qaydada Həsənova Təranə Məhəmməd qızının adına verilmiş sənədlərdə qaranlıq məqamlar özünü göstərir. Belə ki, adıçəkilən şəxslərin qeydiyyatdan çıxma tarixi 27 iyul 2017-ci il göstərilir. Ancaq bundan 36 gün öncə, yəni 19 iyun 2017-ci ildə Təranə Həsənova Fərzəliyev Mehman Şamuyan oğlu ilə birlikdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə T.Həsənovanın mənzil şəraitlərinin ağırlığı, başqa yaşayış yerinin olmaması ilə bağlı müraciət olunub. MİD isə bu ərizəni qəbul edərək Fərzəliyev Mehman Şamuyan oğlunun evə ehtiyacı olmadığını və onun Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində olan mənzilini(bina 12-də, 83 saylı mənzil) Həsənova Təranəyə verilməsini məqsədəuyğun sayıb. Maraqlı məqam ondadır ki, MİD elə həmin tarixdə, yəni 19 iyun 2017-ci il tarixli başqa bir sənədlə həmin mənzili Təranə Həsənova kirayə verib. Qanunvericiliyə uyğun olaraq məcburi köçkünlər müvəqqəti yaşamaq üçün mənzili ancaq “Qaçqınkom”un razılığı ilə kirayə verə bilər. Həmin mənzil 19 iyun 2017-ci il tarixli əmrlə Təranə Həsənova tərəfindən Cəfərov Elbəyi Ceyhun oğlu və Cəfərov Elnur Ceyhun oğluna kirayə verilib. Əmri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyev imzalayıb.

Digər bir sənəddə isə şəxsin xəbəri olmadan qanunsuz olaraq qeydiyyatdan çıxarılması faktı əksini tapıb. Belə ki, 2017-ci ilin oktyabr ayında Ağdam rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı nümayəndəliyinin rəhbəri R.Quliyevin imzası ilə verilən sənəddə Çıraxlı kənd sakini Allahverdiyeva Nərminə Nərman qızının 4 nəfərdən ibarət ailə üzvü olduğu görünür.

Allahverdiyeva Nərminə Nərman qızı, Allahverdiyev Polad Əliş oğlu, Allahverdiyev Xəyal Polad oğlu və Allahverdiyev Xədicə Polad qızı. Ancaq 2016-cı il 24 may tarixində Allahverdiyeva Nərminə Nərman qızının müvəqqəti məskunlaşdığı Ağdam rayon Bənövşələr qəsəbəsi 307 nömrəli evi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyevin razılığı ilə Allahverdiyev Xəyal Polad oğlu və Allahverdiyeva Xədicə Polad qızına, yəni öz uşaqlarına kirayə verilib. Digər bir problem isə ailə başçısı kimi təqdim olunan Allahverdiyev Nərminənin bir sənəddə Çıraxlı, digər bir sənəddə isə Bənövşələr qəsəbəsinin sakini kimi göstərilməsidir.

Beləliklə, redaksiyaya daxil olan məlumatlardan göründüyü kimi məcburi köçkünlərə mənzillərin verilməsində şəffaflıq olmayıb. Əksinə, müxtəlif vasitələrlə mənzillərin başqa-başqa şəxslərə “başqa yollarla” verilməsi barədə dəfələrlə yayılan xəbərlərin heç də həqəqətdən kənar olmadığı təsdiqlənir. “Qaçqınkom”un ən problemli sahələrindən biri olan mənzillərin tikintisi və paylanmasındakı qanun pozuntuları barədə neqativ faktlar dəfələrlə mətbuatda işıqlandırılıb, qurum hər dəfəsində bu ittihamları ya görməzdən gəlib, ya da ümumi sözlərlə ötüşdürüb. Bu dəfə isə deyəsən, ötüşdürmək mümkün olmayacaq. Hər halda Komitədə başlayan ciddi dəyişikliklər belə düşünməyə əsas yaradır.