Tribuna İnformasiya Agentliyi

Q.Paşayeva Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb

25 İyun

Millət vəkili Q.Paşayeva AŞPA-da Azərbaycanda keçirilən prezidenti seçkiləri ilə bağlı müzakirələrdə təşkilatı Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb.

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Q. Paşayeva bu gün AŞPA-nın yay sessiyasının ilk günü Assambleyada müzakirə olunan iki sənəd “Progress report” və “Azərbaycanda  erkən prezident seçkilərinin müşahidəsi” adlı qətnamə layihələrinin müzakirəsində çıxış edib və təşkilatı Azərbaycana qarşı ikili standarlara son qoymağa çağırıb: ”Dəyərli dostlar, Azərbaycanda prezident seçkilərini neçə beynəlxalq təşkilat, neçə ölkə təmsilçisi müşahidə edib bilirsinizmi? 61 təşkilatdan, 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib Azərbaycanda prezident seçkilərini. Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə, şəffaf, azad və demokratik olması ilə bağlı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yekdil fikri var. Onların əksəriyyəti seçilərlə bağlı müsbət rəy verib. Sadəcə ATƏT və AŞPA müşahidə missiyası yekun rəyində fərqli mövqe nümayiş etdirdi. Yüzlərlə beynəlxalq müşahidəçi özləri birbaşa müşahidə etdiyi seçkilərlə bağlı azad, ədalətli, demokratik, şəffaf keçirilib deyir, amma AŞPA onların səslərini eşitmək istəmədi və istəmir. O zaman sual olunur nədən? AŞPA Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır. Bu cür yanaşma Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə ən böyük əngəldir. Azərbaycanda seçkilərdə əhali fəal iştirak edərək, öz istədiyi namizədə azad səs veib. Namizədlər üçün təbliğat- təşviqat kompaniyası zamanı bərabər imkanlar yaradılıb. Qeyd edim ki seçkilərdən əvvəl bir sıra xarici və yerli təşkilatların keçirdiyi rəy sorğusu və seçkilər günü keçirilən exit-pollarda da prezident İlham Əliyevin qələbəsi öz əksini tapırdı. Avropa ölkələrinin, dünya ölkələrinin rəhbərləri, baş katib cənab Yaqland Azərbaycan prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması, prezident seçilməsi münasibəti ilə təbrik edib. Bütün bunları nəzərə alaraq siz həmkarlarımızın məsələyə daha həssaslıqla, obyektivliklə yanaşacağına ümid edirik və sizi buna çağırırıq. Düz 100 il əvvəl Azərbaycan bütün müsəlman şərqində ilk parlamentli demokratik cümhuriyyəti quran, qadınlara seçmək və seçilmək haqqı verən bir dövlətdir. Sovet işğalına qarşı mübarizə apararaq müstəqilliyini təkrar qazanan Azərbaycanda demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılır və bu islahatlar davam edir. Ona görə də Assambleyamız ikili standartlara son qoyub Azərbaycana daha da çox dəstək olmalıdır. Azərbaycanın qərblə şərq, qərblə müsəlman dünyası arasında bir körpü olduğunu nəzərə alsaq bu hamımız üçün Azərbaycan qədər təşkilatımız üçün də çox önəmldır”.