Tribuna İnformasiya Agentliyi

Qəza törətdi, hadisə yerindən qaçdı, piyadanın həyatını təhlükəyə atdı (VİDEO)

08 İyul
Bakıda digər hərəkət iştirakçılarına açıq-aşkar təhlükə yaradan, hətta az qala piyadanı vuracaq sürücünün videogörüntüləri Qaynarinfo-ya göndərilib.
Belə ki, 90 LG 693 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü 6 iyul tarixində Hüseyn Seyidzadə küçəsində 1.3 xəttinin tələbini pozaraq tam olaraq hərəkət axınının əksinə hərəkət edib. Bu zaman yolu keçməkdə olan, piyadanın ölümdən dönməsi an məsələsi olub.
Əks yola çıxan sürücü onu ölüm təhlükəsi ilə üz-üzə qoyub. Görüntülərə baxdıqda məlum olur ki, həmin sürücü 14 iyun tarixində də 20 yanvar küçəsində əks istiqamətə çıxıb hərəkət etdiyi üçün qəza törədib və hadisə yerindən “qaçıb”.
20 gün ərzində bu sürücünün sosial şəbəkələrdə iki kobud, digər hərəkət iştirakçılarına təhlükə yaradan videosu paylaşılıb. Görəsən hələ kameralara düşməyən yerlərdə nə təhlükələr yaşadır?! Ümid edirik ki, bu sürücü kiminsə ölümünə səbəb olmamış, daha böyük faciələr törətməmiş DYP rəsmiləri onun haqqında ciddi tədbir görər. Heç kəs istəməz ki, belə intizamsız sürücü onun əzizinin ölümünə səbəb olsun.
Videogörüntüləri təqdim edirik.