Tribuna İnformasiya Agentliyi

Qərbi Kaspi Universitetində Gənclərin və Məktəblilərin Yay Mühəndislik Forumu keçirilib

14 İyul

Qərbi Kaspi Universiteti müasir əmək bazarında daha çox tələb olunan mühəndislik ixtisaslarına məktəblilər arasında marağın artırılması, bu sahənin təbliği məqsədi ilə silsilə tədbirlər, layihələr həyata keçirir.

Bu gün keçirilən Gənclərin və məktəblilərin Yay Mühəndislik Forumu bu qəbildən olan tədbirlərdəndir.

Forumda məlumat verildi ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Texnopark fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var.

Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün tədbirlər həyata keçirir.

Forumda Mühəndislik ixtisasları barədə məlumatlar verildi, peşəkar mühəndislərin sənayenin, iqtisadiyyatın inkişafındakı rolu şərh edildi.

Daha sonra universitet tərəfindən bu günlərdə təşkil olunmuş Məktəblilərin LEGO və robototexnika olimpiadasının qaliblərinin mükafatlandırılması oldu.

Sonda məktəblilər Qərbi Kaspi Universitetinin unikal avadanlıqlarla təchiz olunmuş laboratoriya və mərkəzləri ilə tanış oldular.

TİA.AZ