Tribuna İnformasiya Agentliyi

Qərb istismarı tarixinin utanc səhifələri: “İnsan zooparkları”

08 Dekabr

Zoopark deyildiyi zaman adamın ağlına heyvanların insanlara nümayiş etdirildiyi yer gəlir. İnsanlar görmək istəyib, görə bilmədikləri vəhşi heyvanları əyani şəkildə görmək üçün zooparkları ziyarət edir. Bu gün dünyanın ən məşhur zooparkları Avropada, Amerikada – başqa sözlə ifadə etsək, keçmişin müstəmləkəçi dövlətlərinin olduğu yerlərdədir. O müstəmləkələr ki, zooparklarda insanları da heyvanlar kimi nümayiş etdirirdilər.

Qərbin bu gün utancverici adlandırdığı bu sərgilər isə “insan zooparkları” adını almışdı.

Buradakı insanlar koloniyalardan gətirilərək süni yaradılan kəndlərdə öz vətənlərindəki həyatlarını göstərməyə, rol oynamağa məcbur edilirdilər. Onları ziyarət edənlər isə müstəmləkəçi ölkələrin vətəndaşları idi.

Paris Kolonial Ekspozisiyası 1907-ci ildə koloniyalardakı həyatları nümayiş etdirən kəndlər yaratdı. Bu kəndlərdə yerli əhalinin məşğulluğu və həyat tərzi göstərilməli idi. Əvvəllər insanların yer almayacağı bildirilsə də, sonra kəndlərdə koloniyalardan gətirilən insanlar yerləşdirilməyə başlandı. Bu insanlar onlara verilən geyimlərdə vətənlərindəki həyatlarını oynamağa başladılar. Yerli əhalinin məşğuliyyəti elə onlar tərəfindən ziyarətçilərə göstərilirdi. Beləliklə də insan zooparkları populyarlaşmağa başlandı.

Yeni dünyada – Amerikada da belə sərgilər var idi

Amerikanın məşhur insan zooparkı Sent-Lui Dünya Sərgisi idi. Sent-Lui Dünya Sərgisi Missuridə 1904-cü ildə açılmışdı. Digər sərgilər kimi burada həm ərzaq, həm də sənaye məhsullarının təşviqatı aparılırdı. Lakin sərgiyə insan axını gətirən amil böyük ərazidə salınan kəndin nümayişi idi. Kəndin adı İqrot idi.

İqrot kəndi zooparkda ən çox ziyarət olunan kənd idi. Fillipinlilərin həyatlarını göstərən bu kəndə etnik əhali gətirilmişdi və ziyarətçilərə yaşadıqları həyatı göstərirdilər. Sərgi üçün gətirilən aborigenlərin geyimi və onların yemək alışqanlıqları ziyarətçilərin buraya daha çox gəlməsinə səbəb olurdu. Hətta bir sakinin it əti yeməsi böyük maraq doğurduğu bildirilir. İqorot adlı şəxs it ətini yemişdi, lakin bu sadəcə göstəri məqsədi ilə edilsə də, işə yaramışdı. Onu görmək istəyən çox sayda ağ adam vardı.

Hətta bu kənd o qədər populyarlaşmışdı ki, Şimali Amerika və digər yerlərinə kənd əhalisi götürülür və sərgilənirdi. Bu utancverici tamaşa yalnız Fillipində olan etirazlardan sonra Amerika hökuməti tərəfindən 1914-cü ildə qadağan edildi.

Ota Benga kəndi – Afrikanı təmsil edirdi

Sent-Lui sərgisi təkcə Fillipini deyil, həmçinin Ota Benqa adlı konqolu sakin də daxil olmaqla afrikalıların həyatını sərgiləyirdi. Benqa sərgi bitdikdən sonra Nyu-Yorka Bronks zooparkına aparılmışdı. O, elə bilirmiş ki, zooparkdakı fillərə baxmaq üçün işə götürülüb. Vəhşi insan kimi yetişdirilən Benqa tezliklə digər heyvanlar kimi meymunların olduğu yerdə sərgilənməyə başladı. Sərginin önündə belə bir lövhə yazılmışdı:

“23 yaş, boyu 150, çəkisi 58 kq. Cənubi Mərkəzi Afrika, Konqonun Kasar çayı bölgəsindən gətirilib. Sentyabr ərzində hər günorta sərgilənir”.

Onun qəfəsinin yeri sümüklərlə doldurulmuşdu. Bu zooparkı işlədənlər tərəfindən edilmişdi ki, daha qorxulu görünsün.
“New-York Times” qəzətində elan getdikdən sonra sərgini minlərlə adam ziyarət etməyə başladı. İnsanları buraya cəlb edən kiçik vəhşi insan idi.

Bununla belə, bu kimi sərgilərə etiraz edənlər də vardı. Qaradərili baptistlər təşkilatının konfransında iştirak edənlər və bir sıra tanınmış din xadimləri belə qeyri-insani davranışa etiraz etmişdilər. Onlar insan irqinin bu cür alçaldılmasına qəti etirazlarını bildirirdilər.

Benqanın taleyi isə acınacaqlı oldur Heyvanlarla yaşamağa məcbur edilən Benqa sonra Afrikaya geri göndərildi, lakin o, orada yaşaya bilmədi və Amerikaya geri döndü. O Amerikada da özünə həyat qura bilmədi və sonda özünü ürəyindən vuraraq intihar etdi.

Brüssel zooparkı və xəcalət dolu şou erasının sonu

Təəssüf ki, bu insan zooparkları XX əsrin ortalarına qədər mövcud olub. 1958-ci ildə Brüsseldəki sərgidə Konqoliz kəndi sərgilənib. Brüsseldəki sərgilərə qədər isə insan zooparkları qeyri-insani fakt kimi dəyərləndirilərək bir sıra ölkələrdə qadağan olunmuşdu.

Burada qərbli geyimində balaca afrikalı qızcığaz sərgilənirdi. Tamaşaçılar ona yemək-içmək verirdilər. Eynilə zooparkı gəzərkən qəfəsdəki heyvanlara verilən kimi… Buna isə “mərhəmət” deyirdilər. Ziyarətçilərlə qızcığaz arasında çəpər vardı. O insan yerinə deyil, heyvan yerinə qoyulmuşdu. 1958-ci ildə Konqoliz kəndi sərgisi bağlandı. 297 kənd sakini göstəri zamanı ağır şərtlərə dözməyib ölmüşdü. Onların meyidləri isə ya yandırıldı, ya da zibilxanlarda basdırıldı.

İnsan zooparklarına marağa isə əslində etirazların deyil, mavi ekranın son qoyduğu bildirilir. Qərb mətbuatı bu haqda tarixin utancverici səhifəsi kimi bəhs edir. Gerçəkdən də insanların zooparklarda nümayiş etdirilməsi insanlıq üçün utancverici faktdır…

Bu gün artıq vəhşi heyvanların saxlandığı zooparkların da maraqlı olmadığı və ləğv edilməsi barədə söhbətlərin aktuallaşdığı dönəm yetişib…

Aybəniz Hüseyn