Tribuna İnformasiya Agentliyi

Qənirə Paşayeva MM-də uşaq bağçasından yayılan görüntülərdən danışdı

12 İyun

Millət vəkili Q.Paşayeva “Təhsil haqqında Azərbaycan Respublikası  Qanunu”nda dəyişikliklərin edilməsi barədə qanunun müzakirəsi zamanı ötən gün sosial mediada özəl uşaq bağçasında-mərkəzində baş verən dəhşətli görüntülərin yayılması və bütün cəmiyyətdə, özəlliklə uşaqlarını bağçalara göndərən ailələr arasında ciddi narahatçılıq olması barədə danışaraq, bu cür psixoloji vəziyyəti olan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir deyib və qanuna edilən yeni dəyişiklikdə təhsil müəssisələrində psixoloji  xidmətin təşkil olunması maddəsini dəstəkləyib. O bildirib ki, bu psixoloji xidmət tək uşaqlar üçün deyil, məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışanları da əhatə etməlidir: ” Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında nevrozların, aqressiv halların, intihar meylliliyin artmasının qarşısını almaq və bu halların azalmasına nail olmaq üçün məktəbəqədər müəssisələrimizdə və məktəblərimizdə psixoloji xidmət ciddi şəkildə təmin olunmalıdır və bu qanuna edilən yeni dəyişikliyi dəstəkləyirik və bu işin həyata keçirilməsi üçün peşəkar kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməlidir”. Millət vəkili Q.Paşayeva valideynlərin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların məktəbə qəbul edilməsi və valideynlərin arzusu ilə təhsil müəssisəsinə xüsusi istedadlı uşaqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilməsi əlavəsini dəstəklədiyini deyib və  bu dəyişiklikliyin  yüzlərlə ailənin narahatçılığına son qoymaqla yanaşı, bununla bağlı ortaya çıxan subyektiv halların, xoşagəlməz halların aradan qaldırılmasına da kömək edəcəyini deyib. “Olimpiada qaliblərinin və beynəlxalq səviyyədə akkreditə olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə testdən kənar , müsabiqədən kənar qəbul olunurlar” maddəsinin qanuna edilən əlavə və dəyişikliklərdə öz əksini tapmasının cəmiyyətdə birmənalı qarşılanmayacağını, bu halların subyektiv məqamlara yol aça biləcəyinə dair narahatlığa səbəb ola biləcəyini nəzərə alaraq, bu istiqamətdə daha geniş müzakirələrə ehtiyac olduğunu deyib. Qanun layihəsində bir çox vacib məsələləri dəstəklədiyini deyən millət vəkili Q.Paşayeva narahatlıq doğura biləcək halların olmamasının çox vacibliyini xüsusi vurğulayıb.

TİA.AZ