Tribuna İnformasiya Agentliyi

Qədim türk yurdunun şəhid qəbirləri

06 İyun
1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı hay kilsəsi və silahlı hay-daşnak-bolşevik  quldur dəstələri tərfindən mütəşəkkil halda yürüdülmüş soyqırımı siyasətinin qurbanları sırasında Bakı şəhəri və ətraf kəndlərinin əhalisinin faciəvi günləri həm də yaddaşlardan silinməyib.
Abşeron yarımadasının və Bakı quberniyasının ən qədim türk mənşəli əhalisinin məskunlaşdığı Maştağa kəndi həmin qanlı illərin və ayların ağır sınaqlarına yurdunun mərd, qeyrətli oğullarının canı və qəhrəmanlığı bahasına, eləcə də şanlı 5-ci Qafqaz İslam Ordusunun cəsur döyüşçülərinin şəhidliyi və qaziliyi sayəsində sinə gərib.
Hay quldurları kəndə girə bilməsələr də, qanlı döyüşlərin şəhidləri az olmayıb. Əslən bu kənddən olan və Vətən təəssübkeşi kimi el hörmətini  qazanmış ziyalı, filologiya elmləri namizədi Ağanəcəf Məhəmməd oğlu Qədirovun (1955) bildirdiyinə görə, həmin döyüşlərdə şəhid olmuş 8 türk döyüşçüsünün qəbri kəndin qədim qəbirstanlığından biri olan “Seyidlər”də keçən əsrin 60-cı illərinədək sıralanmış formada saxlanılıb. Dördkünc halda olan bu qəbirlər hündürlüyü  2 m-ə, eni (qalınlığı) 40-50 cm-ə, çatan başdaşından və uzunliği 1-1,5 m-ə  qədər uzunsov sinə daşından, üzərində “Ay-ulduz” nişanı olmaqla (adı, soyadı naməlum) inşa edilib. Bu yerdə Sabunçu  Rayon İcra Hakimiyyətinin və Maştağa qəsəbə nümayəndəliyinin köməkliyi ilə 1994-1995-ci illərdə abidə-kompleks yaradılıb. Abidə-kompleksin sağ çiynində qara mərmər lövhədə yazıb:
“1918-ci ildə Bakı və Abşeron kəndlərinin erməni-bolşevik qüvvələrindən azad edilməsi zamanı türk əsgərləri ilə birlikdə şəhid olmuş 143 nəfər maştağalının və 1920-ci ildə bolşeviklər tərəfindən günahsız olaraq güllələnmiş 12 kənd ağsaqqalının – ilk repressiya qurbanlarının əziz xatirəsinə”.
Kompleksin sol çiynində isə “Qarabağ müharibəsində torpaqlarımızin azadlığı uğrunda döyüşlərdə şəhid olmuş 34 nəfər maştağalı igid əsgərlərimizin əziz xatirəsinə.”- cümləsi nəqş edilib.
Ağanəcəf müəllim daha bir xatirəsini dilə gətirir:
– 2004-cü ilin yay aylarında xalq yazıçısı Qılman İlkin (1914-2009) qəsəbəmizin qonağı olarkən “Keçənlər” qəbirstanlığında (bu məzarlığın yaşı VIII əsrdən hesablanır) 4 şəhid türk döyüşçüsünün torpaqla örtülü qəbir yerini mənə göstərib, keçən əsrin 40-cı illərinədək həmin ərazidə qəbirlərin qaldığını bildirmişdi.
Hazırda şəhid türk döyüşçülərinin qəbir yerləri boş sahədən ibarət olsa da, gələcəkdə Maştağa bələdiyyəsi tərəfindən müvafiq bərpa işlərinin görülməsi nəzərdə tutulub.
Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi