Tribuna İnformasiya Agentliyi

“Qəbələ” klubu Roman Qriqorçuka yeni müqavilə təklif edib

04 May

“Qəbələ” komandasının baş məşqçisi Roman Qriqorçuk Latviya millisinə rəhbərlik etməyə razı olmayıb.

“Report” “lsm.lv” saytına istinadən verdiyi məlumata görə, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Kaspar Qorkş bildirib.

O deyib ki, 53 yaşlı ukraynalı mütəxəssis “Qəbələ”dən müqavilənin uzadılması ilə bağlı təklif aldığı üçün bu cür qərar verib: “Qriqorçukla dünən axşam danışmışam. O, hazırkı klubundan təklif alıb və böyük ölçüdə razılaşıb. Hansısa səbəbdən müqavilə bağlanmasa, Qriqorçukla danışıqları yeniləyə bilərik. O, mayın sonunda necə olacağını bilmədiyini söylədi. Biz isə həmin vaxta qədər gözləyə bilmərik”.

Federasiya prezidenti uyğun məşqçi axtardıqlarını, ancaq tələsmək və yanlış seçim etmək istəmədiklərini söyləyib: “Bizə Latviya yığmasına uyğun baş məşqçi tapmaq lazımdır. Bunun üçün də əlavə vaxta ehtiyac var. Həmin mütəxəssisin Avropa və yığma təcrübəsi olmalıdır. Baltika Kubokunadək baş məşqçi tapmağımız yaxşı olardı. Ancaq tələsmək və yanlış seçim etmək istəmirik”.

Qeyd edək ki, Latviya yığması iyunun 9-da Riqada Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək.

R.Qriqorçuk 2015-ci ilin yanvarından “Qəbələ”yə rəhbərlik edir.