Məlumata görə, yeni tədbirlər Rusiya dövlət hakimiyyətinin alətlərini deqradasiya etməyə, Rusiyaya kəskin və dərhal iqtisadi ziyan vurmağa kömək etməlidir.
Nəşrə danışan mənbənin sözlərinə görə, hakimiyyət Rusiyadakı maliyyə institutlarına və dövlət müəssisələrinə qarşı sanksiyaları artıracaq, o cümlədən Rusiya rəsmiləri və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edəcək.
Mənbələr bildirir ki, Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinin qızlarına qarşı sanksiyaları da müzakirə edir. Yəni Putinin qızı təklif edilən sanksiyalar siyahısına daxildir. Bu siyahıya siyasətçilər, maqnatlar və onların ailələri, habelə bir neçə təbliğatçının da adı daxil edilib.
Bu sanksiyalar hələ təsdiqlənməyib.
Xatırladaq ki, Putinin keçmiş həyat yoldaşı ilə nikahından iki qızı var. KİV-in məlumatına görə, onların adları Mariya Vorontsova və Yekaterina Tixonovadır. Amma Putinin qızları ictimaiyyət qarşısına çıxmır, ümumiyyətlə, barələrində geniş informasiya yoxdur.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı beşinci sanksiyalar paketini elan edib. Yeni sanksiyalar kömür idxalına, Rusiyanın dörd əsas bankı ilə əməliyyatlara və rus gəmilərinin limanlara girişinə qadağanı nəzərdə tutur.