Putin niyə müharibənin məqsədlərini dəyişdi? – Tanınmış rusiyalı politoloq yazırbackend

Putin niyə müharibənin məqsədlərini dəyişdi? – Tanınmış rusiyalı politoloq yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Andrey Piontkovski
Rusiyalı politoloq və publisist
Rusiya ordusu, Ukraynanın tam işğalı, onun demilitarizasiyası və denasifikasiyası üzrə elan edilmiş müharibədə məğlubiyyətini praktiki olaraq etiraf etdi. Beləliklə, siz bu gün (yazı dünən hazırlanıb-red.) bir neçə hərbçinin, o cümlədən general-polkovnik Aleksandr Fominin bəyanatını eşitdiniz. O, faktiki olaraq “ağ bayrağı” David Araxamiyaya (Rusiya-Ukrayna danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri-red.) təqdim etdi. Tam olmasa da, Kiyev və Çerniqov cəbhələrində bu belədir.
Ümumiyyətlə, mənim üçün bu gözlənilməz xəbər olmadı. Hələ martın 25-də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy Rusiyanın müharibə ilə bağlı tamamilə fərqli mövqeyini formalaşdırıb: “Bizim qüvvə və vasitələrimiz əsas məqsəd – Donbassın tam azad edilməsi üçün cəmlənəcək. Yəni Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə qədər. Təbii ki, bu işğalçı mövqedir. Lakin bu, Ukrayna dövlətinin məhv edilməsi, onun hərbi-siyasi liderlərinin aradan götürülməsindən tam fərqli mövqedir. Rusiya anladı ki, bu, onun bacardığı bir iş deyil. Rusiyanın bu planını qəhrəman Ukrayna ordusu pozdu və hazırda müharibə başqa bir mərhələyə keçib. Fikrimcə, razılaşmaya belə ümid var. Təbii ki, bu tam sülh deyil. Əsl sülh Krımın və Donbasın qaytarılmasıdır. Sabaha bu mümkün deyil. Bu gün isə diplomatik vasitələrlə Rusiya ordusunun Ukraynanın digər ərazilərindən çıxmasına və vəhşi bombardmanlarını dayandırmasına nail olmaq olduqca realdır. Bu, yaxşı xəbərdir və Ukrayna ordusu və Ukrayna cəmiyyəti üçün böyük nailiyyətdir.
Qələbəmizin bu günündə də mən Qərbi onun yarıtmazlığına və qorxaqlığına görə tənqid etməkdən əl çəkməyəcəyəm. Bu qələbə yalnız Ukrayna ordusunun və Ukrayna rəhbərliyinin xidmətidir.
Bu hələ aralıq mərhələdir, lakin bunun qeyd edilməsi vacibdir. Bununla belə, düşmən heç yerə getməyib, hələ də güclüdür, hiyləgərdir. Belə düşmənlə ayıq olmaq lazımdır. Amma hər halda, burada gələcək perspektivi olan daha bir mühüm müsbət nəticə var – Putinin böyük daxili məğlubiyyəti. Çünki hamı anlayır ki, avantürist “Ukraynanın tam işğalı” planı Putinin şəxsi planıdır. Əslində hərbçilər, Rusiya Federasiyasının Baş Qərargahı bu plana qarşı olub.
Baş Qərargahda əyləşənlər nə sülh göyərçinləri, nə də ki, Ukraynanın dostlarıdır, onlar eyni ilə düşməndirlər və eyni ilə rus imperialistləridirlər. Sadəcə onlar hərbinin peşəkarlarıdır. Onlar hələ hərbi əməliyyatdan əvvəl anlayırdılar və xüsusilə də onun gedişatında bir daha əmin oldular ki, hərbi baxımdan bu vəzifənin icrası mümkünsüzdür. Bununla bağlı Putinə təzyiq də edilib. Belə daxili siyasi və xarici hərbi məğlubiyyətdən sonra diktatorların ömrü uzun sürmür. Bununla da mən hesab edirəm ki, Ukrayna ordusunun qeyd edilən uğurunun əks təsiri – Putinin siyasi dövrünün kəskin azalmasıdır.
Bu uğuru Qərb deyil, Ukrayna qazandı. Və əsas odur ki, uğursuzluq səbəbindən Moskva, müharibənin ilkin elan etdiyi məqsədlərindən imtina etdi.  
İllər sonra, Rusiya mütləq yenidən Ukraynanı işğal etmək niyyətində olacaq. Lakin Ukrayna uğursuz NATO-dan fərqli qat-qat ciddi təhlükəsizlik təminatları təklif edir. Ukrayna səkkiz dövləti təhlükəsizliyinin təminatçısı elan edir və bu dövlətlər Rusiyanın yeni təcavüzü halında Ukraynaya dəstək verməyə borclu olacaqlar. Bunlar NATO zəmanətlərindən daha etibarlı zəmanətlərdir. Üstəlik, Rusiya hücumunu dəf etməyi bacaran Ukrayna ordusunun özü də təhlükəsizliyin təminatçısıdır.
Bir məsələni də əlavə etmək istəyirəm. Co Bayden Polşada çox yaxşı çıxış etdi. Putinin Ukraynada törətdiyi hərbi cinayətlərdən hiddətləndiyi hiss olunur. Tamamilə təbii və ədalətli – “belə bir cinayətkar hakimiyyətdə qalmamalıdır” ifadəsinə görə ABŞ prezidentini tənqid edən Amerika cəmiyyətinin – jurnalist və siyasətçilərin reaksiyasından çox məyus oldum. Məhz buna görə Baydenə “afərin” düşür. Lakin son vaxtlara qədər Ukraynaya təyyarə və hava hücumundan müdafiə sistemlərinin verməməsi isə pis haldır. Onsuz da Ukrayna ordusu özü bunu bacardı.
Bu müharibə nəticəsində Ukraynanı nə gözləyir? Rusiya Donbası Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə qədər genişləndirəcək. Amma heç nə dəyişməyəcək. Ukrayna Donbasın bu ilhaqını tanımır. Bu, sülh deyil, Donbass sərhəddində əldə olunmuş bir atəşkəsdir. Putin hakimiyyətini itirəcək, Donbas da geri qayıdacaq.
Hər halda, bu, əhəmiyyətli bir qələbədir. Axı təhlükə bütün Ukrayna dövlətinin məhvinə yönəlmişdi. İstənilən halda, Ukrayna – cavab vermək, rus ordusunu darmadağın etmək və ağır itkilərə məruz qoymaq üçün özündə güc tapdı. Bu isə generalları Putini müharibənin məqsədlərini dəyişməyə məcbur etməyə vadar etdi.
Onlar anladılar ki, güclü motivasiya olunmuş Ukrayna ordusu və cəmiyyətinin müqaviməti ilə ölkənin tam işğalı mümkünsüzdür. Bununla da onlar vəziyyətdən çıxmaq, simalarını saxlamaq qərarına gəldilər. Amma onlar da öz cəmiyyətlərinə deyə bilərlər ki, biz Donbass əhalisini soyqırımdan xilas etdik, Ukrayna ordusunun infrastrukturunun əhəmiyyətli hissəsini məhv etdik, Ukraynanı NATO-ya daxil olmasının qarşısını aldıq. Bax bu şəkildə simalarını qoruyurlar.
Əsas odur ki, nəticə var. Dəhşətli təhlükənin – Ukrayna dövlətçiliyinin məhvinin qarşısı alındı. Bu, Ukrayna ordusu və cəmiyyətinin böyük nailiyyətidir. Rusiya və ələxsus Putin üçün isə bu böyük hərbi və siyasi məğlubiyyətdir.
Mənbə: Nv.ua
Tərcümə: Nizami Bağırov