Putin illik mətbuat konfransı keçirəcəkbackend

Putin illik mətbuat konfransı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 23-də Rusiya Prezidenti Vladimir Putin Moskvada ilsonu mətbuat konfransı keçirəcək. Bu tədbir Rusiyanın Qərblə münasibətlərində gərginlik yaşandığı bir dönəmə düşür. Rusiya Ukrayna ilə sərhədə qoşun cəmləyir, NATO-nun genişlənməsini bloklayacaq “təhlükəsizlik zəmanətləri” istəyir.

TİA.AZ xəbər verir ki, üzbəüz mətbuat konfransı Manej Sərgi Mərkəzində, sərt COVID-19 qaydaları çərçivəsində gerçəkləşdiriləcək. Kremlin sözçüsü Dmitri Peskovun dekabrın 22-də bildirdiyinə görə, tədbirə 500-cən xarici və yerli jurnalist dəvət olunub. Son illər onların sayı mini keçirdi.

Zala girəcək jurnalistlərdən üç mənfi PCR testi istənilib.

Birləşmiş Ştatlar, NATO və Kiyev son həftələr Rusiyanın Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krıma 100 minədək əsgər cəmləməsindən narahatdır. ABŞ rəsmiləri Moskvanın mümkün hərbi hücum planlaşdırdığını bildirir.

2014-cü ildən, Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçıların münaqişəsində 13 min 200-dən çox insan öldürülüb.

Putin isə ABŞ və NATO-dan hərbi alyansın şərqə doğru genişlənməyəcəyinə “təhlükəsizlik zəmanəti” istəyir. Rusiya lideri müharibə istəmədiyini, döyüşlər başlarsa, bunun Kiyevlə Qərbin günahı olacağını bildirir. O, arqumentini əsaslandırmaq üçün ABŞ və Ukraynanın qüvvələr yerləşdirməsi haqda əsassız iddialar səsləndirib.

Kreml və ABŞ administrasiyası gələn ay təhlükəsizlik məsələləri ilə bağlı ikitərəfli danışıqlar planlaşdırdıqlarını açıqlayıblar.

Rusiya hökuməti 2020-ci ildə onlarla təşkilat və fərdə “xarici agent” damğası vuraraq onları məhdudiyyətlərə məruz qoyub. Tənqidçilər Kremlin “xarici agent” qanunlarından narazıları susdurmaq, siyasi opponentlərini təqib etmək üçün faydalandığını deyirlər.

“Novaya Gazeta”nın baş redaktoru, bu il Nobel Sülh Mükafatına layiq görülmüş Dmitri Muratov dekabrın 22-də “Current Time”a deyib ki, 2020-ci il rusiyalı jurnalistlər üçün “qarabasma ili” olub.

İllik mətbuat konfransına “Novaya Gazeta”dan jurnalist dəvət almayıb.

Putin 2001-ci ildən bəri prezidentliyinin hər ilində mətbuat konfransı keçirib. Bu konfrans onun hər il xüsusi ehtiyatlılıqla düzənlənən üç ictimai tədbirindən biridir. Putin hər il parlamentdə xalqa müraciət edir və “Birbaşa Xətt” adlı sual-cavab sessiyası təşkil edir.

Ötən il mətbuat konfransı 4 saat yarım çəkmişdi.