“Pulumuzu qaytarsınlar, öz rayonlarımızda dincələk” – turpaket rezervasiya edənlərin şikayətibackend

“Pulumuzu qaytarsınlar, öz rayonlarımızda dincələk” – turpaket rezervasiya edənlərin şikayəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə 10 günlük istirahət etmək üçün 3100 manatlıq turpaket rezervasiya eləmişdim. Həmin məbləğin 2600 manatını da ödəmişdim. Tur mayın əvvəlində baş tutmalıydı. Amma koronavirusa görə səfərimiz təxirə düşdü. Turizm şirkətindən zəng edib bildirirlər ki, tur sentyabr ayında baş tuta bilər. Sərhədlər açılsa, tur baş tutsa belə, mən getməyə qorxuram. Necə əmin ola bilərəm ki, orada koronavirus olmayacaq? Bu səbəbdən də səfərdən imtina eləmək istədim. Amma mənə bildirdilər ki, ödədiyim məbləği tez bir zamanda almaq istəyirəmsə, 25 faiz cərimə olunacam. Əgər məbləği tam almaq istəyirəmsə, sərhədlərin açılmağını gözləməliyəm. Bu variantların heç biri məni qane etmir. Axı mən nəyə görə cərimələnməliyəm? Mən o məbləği elə indi götürərdim, rayonlara gediş-gəliş də açılır, elə öz rayonlarımızda dincələrdim də. Əvvəldən belə hallara görə bizə hansısa xəbərdarlıq olunmayıb”.

Bu sözlərin müəllifi Nigar Səfərovadır. O, “Yeni Müsavat”a müraciət edərək probleminin həll olunması üçün kömək istəyib. Bu məsələ ilə bağlı qəzetimizə şikayət edən tək Nigar Səfərova deyil, pulunu geri almaq istəyən çoxlu sayda insanlar var.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadədən münasibət öyrəndik. O bildirib ki, insanlar turpaket aldıqları zaman müqavilə bağlamalı, şərtləri bilməlidirlər: “İlk olaraq onu deyim ki, AZAL-ın qərarı var, sərhədlər açılandan sonra insanlar müəyyən şərtlərlə ödədikləri məbləği geri ala bilərlər. Nə zaman olacağını bu qurumdan soruşmaq lazımdır. O ki qaldı insanların şikayətinə, turizm şirkətləri o xidmətləri satırlar, xidmət göstərmirlər. Yəqin həmin şəxs rezervasiyanı hansısa xarici ölkədə edib, əsas məsələ onlarlıqdır. Onu da deyim ki, dünyada heç kim koronavirusla bağlı problemə hazırlıqlı olmayıb. Nə vətəndaş, nə xidməti göstərən, nə satan şirkət belə bir halla üzləşəcəyini gözləmirdi. Əslində şirkət həmin vətəndaşa hansısa cərimə ilə məbləğin qaytarılmasını, turun vaxtının dəyişdirilməsini, yaxud da turun əvəzində vauçerin verilməsini təklif edə bilər. O da daha çox yerli şirkətlərdən yox, onların xarici tərəfdaşlarından asılıdır. Tutaq ki, hansısa vətəndaş Azərbaycan şirkəti vasitəsilə Türkiyədə hotellərdən birini rezervasiya edib. Azərbaycan şirkəti həmin məbləğin üzərinə faiz gələrək o xidməti satır. Yəni şirkətin gəliri həmin cüzi bir faizdədir. Cərimə edən orada xidmət göstərəndir”.

Kənan Quluzadə onu da əlavə edib ki, dövlətin bu məsələlərdə müdaxilə məhdudiyyətləri var: “Azərbaycan ərazisində Turizm Agentliyi olaraq hüquqi tələblər irəli sürə bilərik, amma başqa ölkədə buna ixtiyarımız yoxdur. Yəni oradakı şirkətlərə təsir göstərə bilmirik. Bu halda biz agentlik olaraq vətəndaşları və şirkətləri qarşılıqlı razılığa çağırırıq. Əgər həmin turizm şirkəti cəriməsiz, alternativ vaxt təklif edirsə, bu, ən əlverişli variantdır. Amma hamı nəzərə almalıdır ki, koronavirus bütün dünyada yayılıb. Və heç kim belə hadisənin baş verəcəyini proqnozlaşdırmırdı”.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski “Yeni Müsavat”a bildirib ki, sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edilib: “Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür. Vauçer ”AZAL” və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər. Əgər sərnişin yuxarıda qeyd edilən şərtlərlə razılaşmırsa, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır”.

P.Kəsəmənski sərhədlərin sentyabr ayında açılıb-açılmayacağına da münasibət bildirib: “Belə xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Sentyabr ayının sonuna kimi sərhədlərin açılması gözlənilmir”.