“Pulsuzdur deyə, biz də bu ziyanlığı evimizə daşıyırıq…”backend

“Pulsuzdur deyə, biz də bu ziyanlığı evimizə daşıyırıq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məişət həyatımıza daha sağlam yanaşma, sellofan adlandırdığımız qablaşdırıcı vasitələrdən və birdəfəlik plastik qablardan imtinadan keçir. Bu fikrin gündəmə gətirilməsi artıq bir çağırış, bir təşviqdən daha çox reallıqdan irəli gəlir, yəqin ki, bu gün hamımız bunu qəbul edirik və etməliyik də”.

Bunu TİA.AZ-a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sellofan torbalardan və birdəfəlik plastik qablardan imtinanın zəruriliyi barədə danışarkən bildirib.  O qeyd edib ki, sellofan və plastiklərin həyatımıza, təbiətimizə nə qədər zərərli olması barədə artıq bir neçə ildir ki, təbliğat aparılır və ona görə də bunun fəsadları hamımıza bəllidir:

“Tullantı yerlərində, çay və göl kənarlarında, təbiətdə sellofanların havada uçmasından, xoşagəlməz mənzərə yaratmasından hamımız şikayətlənirik, amma bunların bizim evimizdən, gündəlik məişətimizdən gəldiyinin bəzən fərqinə varmırıq. Yəqin ona görə ki, məişət tələbatımızı ödəmək üçün üz tutduğumuz mağazaların hamısı bizə alacaqlarımızı plastik və sellofanlarda təklif edir, pulsuzdur deyə, biz də bu ziyanlığı evimizə, oradan da təbiətə daşıyırıq”.

İ. İbrahimova əlavə edib ki, bunun qarşısını almaq üçün əvvəl özümüzü, evdəkiləri düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında “pinqvin” adlandırılan sellofan torbalardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa başlayaq: “Biz qadınlar bunu başlatsaq davamı gələcək. Cəmiyyəti  bu yöndə arxamızca aparacığımıza əminəm. Mağazalardan evə sellofan və plastik gətirməsəkmi, bu vərdişi tərgitsəkmi daha…”

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, gələn ildən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, plastik qabların istifadəsi qadağan edilir.