“Puldan bir qəpik mənə çatmır, mənim şirinliyimi də…” – Müstəntiqdən qəribə etirafbackend

“Puldan bir qəpik mənə çatmır, mənim şirinliyimi də…” – Müstəntiqdən qəribə etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və digər vəzifəli şəxslərin iş adamı Bahəddin Sultanovdan hədə-qorxu yolu ilə külli miqdarda rüşvət almaları müəyyən edilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bahəddin Sultanov istintaqa verdiyi ifadəsində göstərib ki, 2007-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirib:
“Bununla yanaşı 1994-95-ci illərdə Bakı-Sumqayıt yolunun “VAZ-kruqu” deyilən ərazinin yaxınlığında 4 hektar torpaq sahəsi alaraq orada iribuynuzlu mal-qara saxlamaq üçün 4 ferma, inzibati binalar tikdirərək oğlum İntiqamın adına rəsmiləşdirdim. 2008-ci ildə Qazaxıstanda tikinti işlərini tamamlamaqda maliyyə çətinliyi olduğundan kredit götürmək üçün Bakı şəhərinə gəldim.
Ailəvi dostluq münasibətində olduğum “Texnikabank” ASC-nin filial müdiri Zal Yusifovdan 1 milyon dollar istədim. Zal mənim işlərimə bələd olduğundan rəhbərlik etdiyim fermanın sənədlərini girov qoymaqla filialdan kredit ayıra bilcəyini dedi. Mən də oğluma həmin sənədləri götürərək Zalın yanına getməyi tapşırdım.
İntiqamla Zal arasında 1 milyon dollar kredit verilməsinə dair müqavilə imzalandı. Torpağın girov müqaviləsi isə Xırdalan şəhərində 1 saylı notariusda tərtib edildi”.
Bahəddin Sultanovun sözlərinə görə, buna baxmayaraq Zal Yusifov 3-4 ay müddətində kredit verməkdən yayınıb: “Müqavilə bağlananda oğlumun guya kredit pulunu alması barədə sənədlərə imza etdirib. Zal Yusifov pulun ayrıldığını, sadəcə bankda nağd pul olmadığından işin gecikdiyini dedi. Belə olan halda Zaldan ya girovda olan torpaq və fermanın sənədlərini qaytarmağı, ya da pulu verməyi tələb etdim.
Zal Yusifov isə oğlumun adına kredit götürdükdən sonra borcların tamamilə qısa müddətə bağlanması barədə arayış verdi. Həmin arayış əsasında 1 saylı notariusda ferma və torpaq sahəsinin girov sənədlərini geri aldım. Bundan az sonra, 2008-ci ilin sentyabrında alqı-satqı müqaviləsi əsasında torpağı 810 min manata satdım, həmin pulun bir hissəsini tikintiyə yönəltdim. Qalanını isə evdə saxladım”.
Bahəddin Sultanov deyib ki, 2009-cu ilin əvvəllərində oğlu İntiqam Milli Təhlükəsizliyi Nazirliyinin Vüsal Ələkbərov adlı müstəntiqi tərəfindən nazirliyə dəvət edilib:
“Mən də oğlum ilə birlikdə oraya getdim. Vüsal Ələkbərov Masis rayonunda olduğumu soruşdu, anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu dedi. Atam Abdullanın qəssab Əli ilə dost olduğunu, onu yaxşı tanıdığımı dedim. Sonra Vüsal bizə “Zal Yusifovla birlikdə dövlətin pulunu alaraq yeyəndə bilmirdiz belə olacaq?” deyə bildirdi. Belə halın baş vermədiyini, kreditin faktiki götürülmədiyini, bağlandığını, bu barədə notariusda sənəd olduğunu bildirsəm də, Vüsal Ələkbərov bankdan götürülmüş kreditin pulunu ödəməyi tələb etdi.
İntiqam və mən dəfələrlə MTN-ə çağırılaraq sorğu-sual edildik. Mən də torpağın girovluqdan azad edilməsi haqqında notariusdan məktubu təqdim etdim. Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu, kreditin ödənilməli olduğunu dedi. Belə olduqda əvvəllər Binəqədi rayon Polis İdarəsinin rəis müavini işləmiş dostum Rasim Musayevə (general Rasim Musayev vəfat edib – red.) vəziyyəti dedim.
Rasim Musayev də MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurdu, məni incitməməyi, nə söhbət varsa, danışaraq həll etməyi tapşırdı. Bundan sonra Vüsal Ələkbərov məni yenidən çağıraraq Rasim Musayevin zəngi ilə bağlı Mövlam Şıxəliyevin rəhbərliklə (Eldar Mahmudov nəzərdə tutulub – red.) danışdığını, bu işi həll etmək üçün 500 min dollar tələb olunduğunu, pul veriləndən sonra oğlumun adının siyahıdan çıxarılacağını dedi.
Mən Vüsala hörmət əlaməti olaraq yalnız 4-5 min manat verə biləcəyimi dedim. Sonuncu “onda bizdən küsmə, nəticə yaxşı olmayacaq” dedi”.
İş adamının ifadəsinə görə, Vüsal Ələkbərov 2009-cu ilin iyununda onu iki dəfə öz otağına çağırıb və təklikdə kredit qaytarmasını tələb etməyə başlayıb: “Mənə və oğluma başqa heç kimin kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu dedi. Həmin ərəfədə bir dəfə Vüsalın otağında olarkən Mövlam Şıxəliyev də ora gəldi, məni təhqir edərək krediti ödəməyi tələb etdi.
İyunun 15-də oğlum İntiqam həbs edildi. Daha 10-12 gün sonra Vüsal Ələkbərov məni çağırdı və bildirdi ki, rəhbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni də tutaraq içəri salaq. Bundan qorxaraq Vüsaldan kömək istədim. O da dedi ki, Mövlam Şıxəliyevə məruzə edim, görüm, nə deyir.
Vüsal 10 dəqiqə sonra geri qayıdaraq Mövlam Şıxəliyevin 360 min dollar tələb etdiyini, əks halda həbs edilməyim göstərişinin verildiyini bildirdi. Özümün də tutulacağımdan qorxaraq Vüsalın dediyi ilə razılaşdım. Vüsal özü üçün əlavə 10 min dollar istədi və 360 min dolların ona adiyyəti olmadığını deyərək balasının canına and içdi. Vüsal Ələkbərov pulu həm məni tutmamaq, həm də oğlum İntiqamın həbsdən azad etmək üçün istədi, öz telefon nömrəsini verdi.
Mən həmin gün saat 15-16 radələrində qardaşım Mirzəyə zəng edərək 250 min dolları evdən götürməyi, qohum, dost, tanışlardan da almaqla ümumilikdə 360 min dollar düzəltməyi və MTN-ə gətirməyi tapşırdım. Vüsal Ələkbərov “pul gəlsin, səni buraxaq, sonra da oğlunu buraxarıq” dedi. Mən də etiraz etmədən gecəni Vüsalın xidməti otağında gözlədim”.
Bahəddin Sultanov qeyd edib ki, növbəti gün Mövlam Şıxəliyev yenə otağa girib: “Həmin vaxt Mövlam Şıxəliyev Vüsala “bunu hələ salmamısan içəri, sənə dedim axı, bu q..ni sal içəri” – deyə bildirdi, məni təhqir etdi. Vüsal Ələkbərov isə “rəis, gəlirlər, çatırlar” dedi. Saat 14-15 radələrində qardaşım Mirzə kirvəm İbrahimlə birlikdə Vüsalın otağının qarşısına gəldi, içəri daxil olmadan mənimlə uzaqdan görüşdü.
Vüsal Ələkbərov onlara Mövlam Şıxəliyevin otağına girəcəklərini bildirdi, 2-3 dəqiqədən sonra Mirzə və İbrahimlə birlikdə öz otağına qayıtdı. Daha sonra Mirzəgili yola salmaq üçün gedən Vüsal otağa qayıtdı, mənimlə 30 dəqiqə söhbət etdi. Dedi ki, pulu verdilər Mövlam Şıxəliyevə, bir daş altda, bir daş üstə, biz səni tutmayacağıq, oğlunu da buraxacağam, həmin puldan bir qəpik mənə çatmır, mənim şirinliyimi də gətir.
Əvvəl istədiyi 10 min dolları həmin gün saat 19.30-da nazirliyin inzibati binasının hasarının tininə gətirməyi tapşırdı və saat 15.00-da məni yola saldı. Mən evdən 10 min dollar götürərək yenidən MTN-ə qayıtdım. Parlament prospekti ilə hərəkət edərək deyilən vaxtda MTN-in hasarının tinində ara yolda maşında gözlədim. Modelini xatırlamadığım minik maşını ilə gələn Vüsal əli ilə işarə etdi, arxasınca gəlməyimi bildirdi. Maşını Vüsalın arxasınca sürdüm. Həmin küçə ilə bir az irəlidə dayandıq.
Maşınımdan düşərək Vüsalın maşının arxa oturacağında əyləşdim. Qabaq oturacaqda başqa bir nəfər də var idi. Arxaya dönmədiyindən onun üzünü tam görmədim. Vüsal məndən 10 min dolları aldı. Dedi, gələrsən, kağızını verərəm, oğlunu da götürüb gedərsən. Bundan iki gün sonra Vüsal Ələkbərov özü zəng edərək məni nazirliyə çağırdı. Əsas giriş qapısında oğlumun həbsdən azad edilməsi üçün qərarı mənə verdi. Mən də qərarı Bakı İstintaq Təcridxanasına təqdim etdim.
Həmin gün həbsdən azad edilən İntiqamın işi Zal Yusifovun işi ilə birlikdə məhkəməyə göndərildi. Məhkəmədə oğluma iki il şərti cəza verildi”.
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, ibtidai istintaq idarəsinin rəis müavini – 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.
Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.