Prezidentin köməkçisi: “Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir”backend

Prezidentin köməkçisi: “Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir”

“Ermənistan baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır. Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur”.

TİA.AZ xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş nazirinin açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir: “Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır”.

“Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir. Prezident İlham Əliyev beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan etmişdir. Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir. Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir”, – H.Hacıyev qeyd edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki