Prezidentin köməkçisi: “Hər hansı narahatlığa əsas yoxdur”backend
“Valyuta məzənnəsi ilə bağlı təzyiq daha çox psixoloji amillərə əsaslanır”
 
TİA.AZ  xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair keçirilən müşavirədə deyib.
Prezidentin köməkçisi 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı.
“Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının da neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Bu, əlbəttə ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsində mümkün olub. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur”, – deyə Prezidentin köməkçisi qeyd edib.