Tribuna İnformasiya Agentliyi

Prezidentdən yaramaz məmurlara xəbərdarlıq: “Mütləq cəzasını alacaq…”

12 Noyabr

Prezident İlham Əliyev öz şəxsi maraqlarını təmin etmək üçün bəd əməllər törədən məmurlara sərt mesaj verib. Onların cəzasız qalmayacağını bildirib.

TİA.AZ  xəbər verir ki, dövlət başçısı bu haqda İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən çıxışında deyib.

Sitat: ““Ölkəmizin ümumi inkişafı müsbətdir və mən gələcəkdə hər hansı bir ciddi problem görmürəm. Çünki ölkəmiz siyasi cəhətdən çox möhkəmdir, sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir.Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, rəhbərlik edəcəyiniz rayon və şəhərlərdə inkişaf daha da sürətli olsun”.