Prezident Vergi Məcəlləsindəki istiqraz və dividendlərlə bağlı dəyişikliyi təsdiqlədibackend

Prezident Vergi Məcəlləsindəki istiqraz və dividendlərlə bağlı dəyişikliyi təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanunu təsdiqləyib.

Qanunda deyilir:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 102.1.22-2-ci maddə əlavə edilsin:

“102.1.22-2. 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri.”;

1.2. 123.1-ci maddədə “kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla,” sözləri “fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə” sözləri ilə, “maddəsində” sözü “və 102.1.22-2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

1.3. 123.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“123.3. İstiqraz üzrə ödənilən diskont və faiz gəlirləri üzrə ödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib surətdə hesablanır.”.

Maddə 2. Bu Qanunun 1.2-ci və 1.3-cü maddələri 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2022-ci il