Tribuna İnformasiya Agentliyi

Prezident seçkisi əfv və amnistiyaya təsir edəcək – gözlənti

13 Fevral

İlqar Məmmədov və Əziz Orucovadan xəbər var; Novella Cəfəroğlu: “100 illiyədək iki dəfə də əfvin verilməsi mümkündür…”

Azərbaycanda son günlər müzakirə edilən mövzulardan biri də əfv və amnistiyadır. Artıq gələn ay əfv sərəncamının veriləcəyinə hər kəs inanır. İntensiv şəkildə keçirilən Əfv Komissiyasının iclasları da bunu deməyə əsas verir.

Bu ilin mayında isə amnistiya aktının veriləcəyi ilə bağlı xəbərlər səngimək bilmir. Əfv və amnistiya xəbərlərinin Azərbaycanda 11 aprelə prezident seçkilərinin təyin edilməsi günlərinə təsadüf etməsi sərəncam və aktın olacağına inamı daha da artırıb. Xüsusilə də əfv sərəncamının prezident seçkilərindən öncə olması bu sərəncamın daha geniş olacağını deməyə əsas verir. İctimaiyyət və beynəlxalq aləmin diqqət mərkəzində olan siyasi məhbusların Novruz əfvində azad ediləcəyinə inam var.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu ile ilgili görsel sonucu

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında prezident seçkisinin əfv və amnistiyaya mütləq təsirinin olacağını bildirdi: “Bu qərarla bir çox məhbuslar azadlığa çıxacaq. Seçkilərdən sonra da əfvin verilməsi mümkündür. Çünki qarşıdan Cümhuriyyətin yüz illiyi, mərhum prezident Heydər Əliyevin isə anadan olmasının 95 illiyi gəlir. Amnistiya olmasa belə, iki dəfə də əfvin verilməsi mümkündür. İnanıram ki, siyasi məhbusların bir çoxunu azadlıqda görəcəyik. Ola bilər ki, bu sərəncamla verdiyimiz siyahıdakı şəxslərin hamısı azadlığa çıxsın. Siyasi məhbus problemi artıq aradan qalxmalıdır. Azərbaycandan kənarda bir sıra hadisələr baş verir. Azərbaycan xarici siyasətini tam rahat şəkildə aparmaq üçün siyasi məhbus problemini birdəfəlik həll etməlidir. Əfvlə bağlı siyasi məhbus siyahımızı artıq vermişik. Bu baxımdan əfv verilənə qədər görəcəyimiz elə bir iş qalmayıb”.

Bu arada REAL sədri İlqar Məmmədovla bağlı Azərbaycan hökumətinin cavab vermək üçün martın 1-nə qədər Avropa Şurası tərəfindən qoyulan vaxtın bitməsinə yarım ay qalır. Bu günlərdə rəsmi Bakının beynəlxalq quruma cavab verəcəyi gözlənilir. Bununla bağlı qəzetimizə danışan REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova öncəliklə onun son durumu barədə məlumat verdi: “Bu həftənin şənbə günü İlqarla görüşməliyəm. Amma hələ dəqiq deyil. Sonuncu dəfə telefonla iki gün öncə danışdıq. Hər şey qaydasındadır. Prezident seçkilərinin vaxtının önə çəkilməsi ilə bağlı öz mövqeyini bildirib. Sosial şəbəkələr və mətbuatda yayılıb. İlqarın müdafiəsinə qoşulan xarici vəkilə görüş üçün icazə verilməlidir. Hələ ki görüşə icazə verilməsi ilə bağlı bir xəbər yoxdur. İcazə veriləndən sonra xarici vəkil Azərbaycana gələ bilər, skype ilə də görüşə icazə verilə bilər. Düşünürəm ki, martın 1-nə qədər Azərbaycan tərəfi İlqarla bağlı müraciətə cavab verəcək. Gözləntilərimiz var. Artıq ayın birinə az müddət qalıb”.

“Kanal 13″ internet televiziyasının həbsdəki rəhbəri Əziz Orucovun isə fevralın 20-də apelyasiya şikayətinə baxılacaq. Kanal rəhbərinin ailəsi ilə açıq görüşünə hələ də maneələr yaradılır. Bu barədə onun həyat yoldaşı Lamiyə Orucova məlumat verdi: ”Bizim görüşlə bağlı problemimiz hələ də öz həllini tapmayıb. Ötən həftənin ikinci günü görüşmüşəm. Həftənin ikinci günü görüş günləridir. Bu gün də görüşə gedəcəm. Sonuncu dəfə Əzizlə dünən danışdım. Ümumi durumu yaxşıdır, səhhəti də normaldır. Saxlanma şəraitindən də elə bir problemi yoxdur. Hər kəsə xüsusi salamı var. Bu görüşdə də böyük ehtimalla açıq görüş verilməyəcək. Səbəbi barədə heç nə demirlər. Məhkəməsi ayın 20-də olacaq. Onun müdafiəsinə daha bir vəkil qoşulub. Bu, Bəhruz Bayramovdur”.