Prezident Rafael Dadaşovun vəfatı ilə bağlı nekroloq imzaladıbackend

Prezident Rafael Dadaşovun vəfatı ilə bağlı nekroloq imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Xalq artisti Rafael Dadaşovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

TİA.AZ-ın məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın Xalq artisti Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 75-ci ilində vəfat etmişdir.

Rafael Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olmuşdur. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil almışdır. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışmış, 1974–1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olmuş, eyni zamanda, oranın Televiziya və Radio Komitəsində direktor işləmişdir.

1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.

Rafael Dadaşovun aktyorluq yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Ekranda və səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən rəngarəng xarakterli qəhrəmanlar onu sənətin incəliklərini dərindən mənimsəmiş yüksək səhnə mədəniyyətinə malik aktyor olaraq geniş tamaşaçı auditoriyasına sevdirmişdir.

Rafael Dadaşov teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olmuşdur. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli yaddaqalan obrazlar qalereyası yaratmışdır. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi bu qəhrəmanlar teatrsevərlərin hafizəsinə həkk olunmuşdur.
Rafael Dadaşov yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla nümayiş etdirmişdir. İstedadlı aktyorun bədii filmlərdə və televiziya tamaşalarında məharətlə canlandırdığı obrazlar həmişə özünün fərqli psixoloji-emosional yozumu ilə səciyyələnmişdir. Onun televiziya tamaşalarında yaratdığı personajlar milli televiziyanın fondundakı dəyərli sənət nümunələri sırasında qorunub saxlanmaqdadır.

Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış sənətkar, qayğıkeş və səmimi insan Rafael Məlik oğlu Dadaşovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Əbülfəs Qarayev
Fərəh Əliyeva
Azər Paşa Nemətov
Şəfiqə Məmmədova
Mərahim Fərzəlibəyov
Rafiq Əzimov
Nurəddin Quliyev
Bəsti Cəfərova
Firəngiz Mütəllimova”.

Nurəddin Quliyev
Bəsti Cəfərova
Firəngiz Mütəllimova”.