Prezident: “Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik”backend

Prezident: “Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Xoş gəlmisiniz Azərbaycana. Əminəm ki, sizin səfəriniz çox uğurlu olacaq. Şadam ki, siz böyük heyətlə Azərbaycana gəlmisiniz və əminəm ki, Bakıda keçirəcəyiniz görüşlər Koreya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edəcək”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Bizim ölkələrimizi dostluq əlaqələri birləşdirir və müstəqillik dövründə Koreya-Azərbaycan əlaqələri daim uğurla inkişaf etmişdir. Yüksəksəviyyəli qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir və siyasi əlaqələrimizin inkişafı üçün çox önəmli addımlar atılmışdır.
Eyni zamanda Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə iştirak edirlər, müxtəlif layihələri həyata keçirirlər. Əlbəttə, əminəm ki, gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq. Biz Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik. Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq.
Əlbəttə ki, parlamentlərarası əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var və siz bu gün Azərbaycan Milli Məclisində görüşlər keçirəcəksiniz. Əminəm ki, görüşlərin nəticələri çox müsbət olacaq və nəticə etibarilə əlaqələrimizin inkişafı istiqamətində növbəti uğurlu addım atılacaqdır. Bir daha xoş gəlmisiniz”, – dövlət başçısı vurğulayıb.