Tribuna İnformasiya Agentliyi

Prezident innovativ inkişaf sahəsində koordinasiya ilə bağlı sərəncam imzaladı

10 Yanvar

Prezident İlham Əliyev Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, sərəncamda deyilir:

1. Mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidentinin, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – Koordinasiya subyektləri):

1.1. elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxsi (müvafiq qurumun rəhbərinin müavini və ya qurumun idarəetmə orqanlarında təmsil olunan digər şəxs səviyyəsində) on gün müddətində təyin edərək bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versinlər;

1.2. innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə mövcud vəziyyət barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər;

1.3. innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə görülmüş işlər barədə yarımillik məlumatları hər il yanvarın 15-dək və iyulun 15-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər;

1.4. işçilərinin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi ilə bağlı tədbirlər görsünlər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına koordinasiya subyektlərinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində gördükləri işlərin əlaqələndirilməsini təmin etmək, həmçinin müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.