Prezident fiziki məhdudiyyətli gənci mükafatlandırdıbackend

Prezident fiziki məhdudiyyətli gənci mükafatlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncamı imzalayıb.
TİA.AZ xəbər verir ki, Prezident tərəfindən mükafatlanan gənclər arasında tanınmış ictimai-fəal, şairə Mətanət Quliyeva – Qüdsi də var.
TİA.AZ  Mətanət Qüdsinin bir neçə müddət öncə yerli mətbuata verdiyi açıqlamanı təqdim edir:
Mətanət Qüdsi fiziki əngəlinə baxmayaraq, yaşadıqlarında günahkar axtarmır:
“Bir vaxtlar mən də normal insanlar kimi yeriyirdim. Əslində fiziki məhdudiyyətin anadangəlmə və ya sonradan qazanılması ilə bağlı məsələyə cavabım həmişə birmənalı olub. Mən işə mənəvi tərəfindən baxan adamam. Ona görə düşünürəm ki, bu bir qismətdir və belə də olmalıydı. Hazırkı vəziyyətimin günahını ailənin, yaxud həkimlərin üzərinə yıxmaq istəmirəm. Amma ümumiyyətlə baxsaq, hər iki tərəfdə yanlışlıqlar olub, həm ailədə, həm də həkimlərdə. Anadangəlmə müəyyən problemlər olsa da, yerimişəm. Əlil arabasına məhkumluğum 7-ci sinifdən sonra başlayıb”.
“Fiziki əngəlim olmasaydı…”
Müsahibimiz deyir ki, fiziki məhdudiyyət onun üçün hər mənada çətinlik yaradır:
“Fiziki məhdudiyyətli insan üçün hər mənada çətindir. Həm əlilliyin yaşatdığı çətinliklər, həm də mənəvi çətinliklər. Fiziki məhdudiyyətlə bağlı cəmiyyətdə qarşılaşdığım problemlərin yükü daha ağırdır. Bura komplekslər, cəmiyyətdəki yad baxışlar, iş, sosiallaşma, psixoloji problemlər və s. daxildir. Bunların 70 faizini aşmış insanam. Çətinliklərdə inklüziv cəmiyyətin formalaşmamasını əsas yer tutur. Çünki hər kəsin təhsil almaq hüququ var, amma bir çox təhsil müəssisələrində fiziki məhdudiyyətli şəxslərin təhsil alması üçün şəriat yoxdur. Bu, ilk növbədə bağçadan başlayır. Mənəvi çətinliklər zamanı sən özünü cəmiyyətdən təcrid olunmuş hiss edirsən. Cəmiyyətdən o reaksiyanı gördükcə, sən də özünə qarşı o reaksiyanı verməyə başlayırsan. Amma bütün bunları aşanda, sən özünlə barışıq yaşaya bilirsən. Məsələ burasındadır ki, fiziki məhdudiyyətli insanlar olaraq, normal insanların 5 dəqiqəyə gördüyü işi, 2 saata görürük. Fiziki sağlam insanın 1-2 manata getdiyi yolu, 20 manata gedirik. Fərq odur ki, onlar beş dəqiqəlik işi görmək istəmir, amma biz istəyirik. Biz deyərək də ayırım etmək istəmirəm. Amma bu da bir gerçəklikdir. Yəni mənim fiziki əngəlim olmasaydı, əminəm ki, daha böyük işlər görə bilərdim”.
“Hər bir fiziki məhdudiyyətlinin yolu o mərkəzdən keçməlidir”
Gənc yazar dövlət tərəfindən fiziki məhdudiyyətli insanlara göstərilən qayğıdan da danışır:
“Son 2-3 ildə dövlət tərəfindən fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı daha da artıb. Bəzən mən bu fikirləri səsləndirəndə, dostlarım razılaşmır. Amma iş varsa, orada nöqsanlar da ola bilər. Əsas o problemin aradan qaldırılması üçün atılan addımlardır. Mən deyərdim ki, son vaxtlar dövlət tərəfindən əlilliyi olan şəxslər üçün görülən işlərin miqyası daha böyükdür. Əlilliyi olan şəxslərin müalicə və reabilitasiyası üçün sanatoriyalar, Protez-Ortopedik Bərpa Mərkəzi, Əlillərin Bərpa Mərkəzi fəaliyyət göstərir. Bütün sadaladığım yerlərdə il ərzində 1-2 dəfə dövlət hesabına müayinələrdən keçirik, lazımi vasitələrlə təmin olunuruq. Azərbaycanda əlilliyi olan şəxslər üçün nömrə bir hesab etdiyim yer 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzidir. Bu, dövlətin əlilliyi olan insanlara verə bildiyi ən böyük töhfə, gözəl müəssisə və məktəbdir. Mənim fikrimcə əlilliyi olan hər bir gəncin yolu o mərkəzdən keçməlidir. Çünki peşədən öncə şəxs sosiallaşmağı öyrənir, burada sosial reablitasiya keçir. Bu da ən önəmli faktordur”.
“Əngəl düşüncəmizdədir…”
M. Qüdsi bildirir ki, əslində ən böyük əngəl insanın düşüncəsindədir:
“Mənə görə əlillik deyə bir şey yoxdur. Varsa da, o, bizim düşüncəmizdədir. Ümumiyyətlə insan düşüncədən ibarətdir. Hər şey o düşüncədən başlayır. Biz ilk növbədə psixoloji olaraq məhdudiyyətsiz, sərhədsiz olmalıyıq. Əlilliyimizin olmadığını düşüncəmizdə qəbul etməliyik. Düşünməliyik ki, əlillik bizə verilən avantajdır, sadəcə ondan istifadə etməyi, məqsədə çatmağı bacarmalıyıq. Bunları dəf etdiyin zaman uğur qazana bilirsən. Mənim uğurlarımın başında “özüm” dayanır. Niyə “özüm” deyirəm. Çünki hər şey insanın öz düşüncəsində başlayır. İnsan ilk olaraq özünə inanmalı və ətrafını özünə inandırmağı bacarmalıdır.
Özümdən sonra ailəm. Əgər ailə dəstəyi varsa, gerisi düzələcək şeylərdir. Çətin də olsa ətrafdakılarla mübarizə apara bilirsən, əsas ailən sənin yanında olsun. Ailə elə bir məfhumdur ki, sən onu seçə, xoşuna gəlməyəni ata bilmirsən. Ailə sənə bağlı parçadır. Mənim özümə, bacarıqlarıma, düşüncəmə qarşı çox böyük inamım, sönməyən həyat eşqim, yaratmaq istəyim var. Hər an insanlara sevgi paylamaq, onlara xoş hislər yaşatmaq üçün can atıram. Bütün fəaliyyətim də məhz bu istəkdən qaynaqlanıb. İlk dəfə peşə-reabilitasiya mərkəzinə 2014-cü ildə gəlmişəm. Əvvəlcə toxuma kursunu bitirdim, rəssamlığı öyrəndim. Elə həmin ildən BOCCİA idman növü ilə məşğul olmağa başladım. Artıq 5 ildir bu idmanla məşğulam. Hər il keçirilən “SENİ CUP” turnirində iştirak edirəm. Bu ilki “V Seni Cup” turnirində birinci yeri tutdum”.