Tribuna İnformasiya Agentliyi

Prezident Adminstrasiyası rəsmisi: “Vətəndaşlar daha çox tikinti, söküntü, kompensasiyaların verilməsindən narazıdır”

14 Fevral

Azərbaycanda şəhər və rayon icra hakimiyyətlərindən şikayətlər azalıb, tikinti şirkətlərindən isə çoxalıb.

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən il prezidentə ünvanlanan məktubları təhlil edib.

Süleyman İsmayılov Azərtacda çap olunan məqaləsində yazır ki, 2017-ci ildə Prezident Adminstrasiyasına göndərilən məktubların sayı ötən ilkilərlə müqayisədə 10 min azalıb.

Cənab İsmayılov bunu yerlərdə vətəndaşların problemlərinin həll olunması, onların müraciətlərinə müsbət cavab verilməsilə izah edir.

Süleyman İsmayılov qeyd edir ki, bir çox bölgələr üzrə müraciətlərin sayı azalsa da, Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxıdan gələn məktubların sayı artıb.

“Müraciətlərin növlər üzrə təhlili göstərir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir”, İsmayılov bildirib.

Vətəndaşlar nə istəyir?

Süleyman İsmayılovun sözlərinə görə, ərizə müəlliflərini narahat edən məsələlər müvafiq əlillik dərəcələrinin təyini, ünvanlı sosial yardımların, əlil arabalarının verilməsidir.

“Habelə ərizələr xaricdə və respublikada müalicəyə kömək göstərilməsi, təhsil haqqının və kreditlərin ödənilməsində güzəşt edilməsi, ixtisara düşmüş işçilərin işlə təmin olunması, mənzillə təmin olunma, sığorta və ipoteka kreditlərinin verilməsi və s. məsələlər barəsindədir”.

Prezident Administrasiyası rəhbəri vurğulayır ki, şikayətlər arasında bank məsələləri və kreditlərin verilməsi də var. Ancaq o bildirir ki, fəaliyyətindən şikayət edilən bankların bəziləri artıq bağlanıb.

“Respublikanın bank sistemində problem doğuran səbəblər müvafiq qurumlar tərəfindən tənzimlənməyə başlanıb”, o qeyd edib.

Bir neçə tikinti şirkəti haqda cinayət işi başlanıb

PA rəsmisi qeyd edib ki, şəhərsalma və çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi barədə müraciətlərdə 28,8 faiz artım olub.

Onlarla tikinti şirkətinin adını çəkən Süleyman İsmayılov bildirib ki, onların bəziləri barədə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb.

Cənab İsmayılov vurğulayır ki, ötən il daha çox çoxmərtəbəli binaların tikintisi, söküntüsü, kompensasiyaların verilməsi, otlaq (yay, qış) və örüş sahələrinin, fərdi torpaqların, əkin sahələrinin zəbt olunmasından şikayətçi düşüblər.

Eyni zamanda subsidiyaların verilməsi, elektrik və qaz sayğaclarının quraşdırılması kimi məsələlər də şikayət ərizələrində öz əksini tapıb (BBC).