Tribuna İnformasiya Agentliyi

PREZİDENT: “Bu sistemlər böyük dönüş yaradacaq”

28 Mart

Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər.  

Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. 

Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq.

TİA.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizə pivot suvarma sistemləri gətirilib. “Əvvəlki illərdə bəzi rayonlarda bu sistemlərdən özəl qurumlar istifadə ediblər. Ancaq əlbəttə ki, onların sayı bizi qane edə bilməz. Ona görə, dövlət bu sahəyə də öz dəstəyini göstərməyə başlayıb. Nəzərə alsaq ki, kənd təsərrüfatının inkişafı, xüsusilə suvarma, meliorasiya ilə bağlı bizim bundan sonra da böyük planlarımız olacaq və var, biz pivot suvarma sistemlərini Azərbaycanda özümüz istehsal etməliyik. Bilirəm ki, belə bir təşəbbüs artıq irəli sürülüb. Buna dəstək vermək lazımdır və dövlət qurumları dəstək versinlər ki, tezliklə biz özümüz özümüzü pivot sistemləri ilə təmin edə bilək”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Bir neçə ildən sonra yeni pambıqtəmizləmə zavodlarına ehtiyac duyulacağını bildirən dövlətimizi başçısı deyib: “İmişlidə yeni bir zavodun tikintisi nəzərdə tutulur. Ancaq biz zavodların tikintisini pambığın proqnozlaşdırılan tədarükü ilə uzlaşdırmalıyıq. Mənə verilən məlumata görə, bizdə hazırda cəmi 22 zavod fəaliyyət göstərir və o zavodların emal gücü 400 min tondur. Sovet vaxtında isə zavodların emal gücü 900 min ton idi. O zavodların bir çoxu artıq fəaliyyətsizdir, 22 zavod fəaliyyətdədir. Əgər pambıqçılığı götürdüyümüz sürətlə inkişaf etdirsək, biz təqribən bir-iki ilə 400 min tona çatacağıq. Ona görə indidən bütün işlər görülməlidir. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi, özəl qurumlar, işləyin və mənə məlumat verin. Biz vaxt itirməməliyik”.

Bu il görülmüş tədbirlər nəticəsində 150 min hektar suvarılmamış torpaqlara su çəkilişi təmin ediləcəkdir. Bu barədə danışan Prezident İlham Əliyev bunu tarixi nailiyyət adlandırıb. “Bunu biz çox operativ şəkildə, qısa müddətdə həll etdik, həm “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin xətti ilə, həm yerli icra orqanlarının fəaliyyəti nəticəsində biz buna nail ola bilmişik. Bu 150 min hektarın böyük hissəsi pambıqçılıq üçün nəzərdə tutulur və əlbəttə ki, biz bunu etməsəydik, bugünkü rəqəmlərdən danışa bilməzdik”, – deyə dövlətimizin başçısı diqqətə çatdırıb.