Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”u, “Neftçi” “Sumqayıt”ı qəbul edəcəkbackend

Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”u, “Neftçi” “Sumqayıt”ı qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun növbəti matçları keçiriləcək.

TİA.AZ xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk görüş Şamaxıda olacaq. Şəhərin eyniadlı komandası “Turan Tovuz”u qəbul edəcək. Meydan sahibləri 1 xalla 9-cu, Tovuz təmsilçisi 4 xalla 5-ci pillədə yer alıb. Komandalar indiyədək yerli çempionatda qarşılaşmayıblar.

Günün ikinci matçında “Neftçi” “Sumqayıt”la üz-üzə gələcək. Paytaxt klubu 9 xalla 4-cü, “gənclik şəhəri” təmsilçisi 2 xalla 8-ci pillədə qərarlaşıb. Bu, tərəflərin Premyer Liqada yubiliyev – 40-cı oyunu olacaq. Əvvəlki matçların 19-da “ağ-qaralar”, 12-də qonaqlar meydanı 3 xalla tərk edib. 8 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də “Neftçi” üstündür – 58:44. Son 2 qarşılaşmanın hərəsində 2 qol vuran meydan sahibləri qələbə qazanıb. “Sumqayıt” son 5 görüşdə rəqibini məğlub edə bilməyib.

Azərbaycan Premyer Liqası, V tur

3 sentyabr

16:00 “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Ramil Diniyev
Şamaxı şəhər stadionu

20:30 “Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
“Bakcell Arena”

Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Kəpəz”i 1:0 hesabı ilə üstələyib. Turun “Sabah” – “Səbail” və “Zirə” – “Qəbələ” qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.