Tribuna İnformasiya Agentliyi

Postsovet ölkələrinin inzibati bölgüsü – Vilayət, şəhər, rayon, qəsəbə, kənd…

14 Mart

Postsovet ölkələrinin inzibati-ərazi quruluşu çox sadədir. Bu həmin respublikaların ərazicə kiçik və unitar dövlət olması ilə bağlıdır.

Ümumilikdə, əksər postosovet ölkələri arasında inzibati-ərazi bölgüsü əsasən 3 mərhələli (vilayət, şəhər-rayon, kənd) yaxud 4 mərhələli (muxtar respublika, vilayət, rayon-şəhər, kənd və qəsəbə) olub.

Modern.az saytı postsovet ölkələrinin inzibati ərazi bölgüsü barədə məlumatları araşdırıb.
Rusiya ən mürəkkəb inzibati-ərazi quruluşuna malikdir. Belə ki, şimal qonşumuz postsovet məkanında yeganə federativ quruluşa malik ölkədir. Ölkə Konstitusiyası Rusiyanın 88 bərabərhüquqlu subyektdən (21 respublika, 7 diyar, 48 vilayət, 2 federal əhəmiyyətli şəhər, 1 muxtar vilayət və 9 muxtar dairə) ibarət olduğunu təsdiq edib.

Həmin subyektlər isə öz növbəsində rayon və rayon tərkibinə daxil olmayan şəhərlərdən ibarətdir. Rusiya Federasiyası 1868 rayon, 1099 şəhər (respublika, vilayət, diyar və dairə tabeliyində olan), 328 daxili rayon və 1295 şəhər tipli qəsəbədən ibarətdir.

Daha kiçik inzibati vahid isə munisipial qurumlardır. Munisipial qurumlar 7 kateqoriyadan (kənd məntəqəsi, şəhər məntəqəsi, munisipial rayon, şəhər dairəsi, federal əhəmiyyətli şəhərdaxili ərazi, dairəvi şəhərdaxilində məntəqə və şəhərdaxili rayon) ibarətdir.

Ukrayna da Konstitusiyasının müəyyən etdiyi kimi, unitar dövlətdir. İnzibati bölgünün 1-ci mərhələsi 24 vilayət və 2 xüsusi statuslu şəhərdən (Kiyev və Sevastopol) ibarətdir. 2-ci inzibati mərhələdə həmin vilayətlərə 490 rayon və 176 şəhər (vilayət və respublika əhəmiyyətli) daxildir. Ölkənin ən kiçik inzibati vahidləri isə kənd, şəhər və qəsəbə şuralarından ibarətdir.

Belarus Respublikası unitar dövlətdir. Onun inzibati-ərazi bölgüsünün 1-ci mərhələsi 6 vilayət (Brest, Vitebsk, Qomel, Qrondo, Minsk və Moqilevks vilayətləri) və heç bir vilayətin tərkibində daxil olmayan paytaxt Minsk şəhərindən ibarətdir. Vilayətlər 118 rayon və 10 vilayət tabeliyində olan şəhərdən təşkil olunub. İnzibati ərazi bölgüsünün 3-cü mərhələsinə kənd, qəsəbə və şəhər şuraları daxildir.
Moldova Konstitusiyasına görə, ölkə ərazisi şəhər, kənd və qəsəbələrdən ibarətdir.

Qırğızıstanın inzibati ərazi bölgüsünə 7 vilayət və vilayətlərə bərabər tutulan respublika əhəmiyyətli 2 şəhər (Bişkek, Oş) idaxildir. 2-ci inzibati bölgüyə rayonlar (şəhərdaxili rayon, rayon, vilayət əhəmiyyətli rayon) daxildir. 3-cü vahid isə ayıl, yəni kəndlərdən təşkil olunub.

Türkmənistan Konstitusiyasının 47-ci maddəsinə əsasən, ölkə ərazisi vilayət, vilayət hüquqlu şəhər (əhali sayı 500 min nəfərədən çox olan şəhərlər), etrap, etrap hüquqlu şəhərlər (əhalisinin sayı 30 min nəfərdən çox olan şəhərlər), etrapda şəhərlər (əhalisi 8 min nəfərdən çox olan şəhərlər), qəsəbələr (sayı 2 mindən çox olan kəndlər), gengeşliklər (bir, yaxud bir neçə kəndin birləşməsi) və kəndlərdən (sakinlərinin sayı 50-dən çox olan yaşayış məntəqələri) ibarətdir.

Özbəkistanda isə inzibati bölgü öz müərəkkəbliyi ilə seçilir. Ölkə vilayətlərdən, rayonlardan, şəhərlərdən, qəsəbələrdən, qışlaqlardan, aullardan və Qaraqalpaq Muxtar Respublikasından ibarətdir.

Qazaxıstan unitar ölkə kimi əsas mərhələdə 14 vilayət və 3 respublika əhəmiyyətli şəhərdən (Almatı, Astana, Şimkənd) ibarətdir. İnzibati bölgünün 2-ci mərhələsi 160 kənd rayonu, 16 şəhər rayonu və 37 vilayət əhəmiyyətli şəhərdən təşkil olunub. 3-cü mərhələdə isə 47 rayon əhəmiyyətli şəhər, 26 qəsəbə akimatlığı, 2283 kənd dairəsi akimatlığı və 82 kənd akimatlığından ibarətdir.

Postsovet məkanının ən kasıb ölkəsi sayılan Tacikistan öz inzibati ərazi quruluşunun mürəkkəbliyi ilə seçilir. Bu ölkə Dağlıq-Bədəxşan muxtar vilayətindən, Soqdiya və Xatlon vilayətlərindən, respublika tabeliyində olan 13 rayondan, 18 şəhərdən, 49 rayondan, 55 qəsəbədən və 368 kənd camaatlığından ibarətdir.

Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan isə 10 vilayət və vilayətlərin heç birinə daxil olmayan Yerevan şəhərindən ibarətdir. Vilayətlər öz növbəsində 953 kənddən, 48 şəhərdən və ümumilikdə 932 icmadan ibarətdir. Həmin icmaların 871-i kənd, 61-i isə şəhər icmasıdır.

Gürcüstanın müasir inzibati bölgüsü paytaxtı Tbilisi şəhərindən, 2 muxtar respublikadan (Abxaziya və Acarıstan) və 9 regiondan ibarətdir. Həmin respublikalar və regionlar isə 71 munisipalitetə (keçmiş rayonlara) bölünür.
Azərbaycan isə inzibati ərazi vahidləri bu cür bölünüb: 1 muxtar respublika (Naxçıvan Muxtar Respublikası), 66 kənd rayonu, 10 respublika tabeli şəhər, 14 şəhər rayonu, qəsəbə və kəndlər.

Respublika tabeliyində olan şəhərlər – Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Xankəndi, Yevlax, Lənkəran, Naftalan.

Kənd rayonları – Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Fizuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şuşa, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab.

Şəhər rayonları – Bakı şəhəri üzrə – Xətai, Yasamal, Səbail, Nəsimi, Nizami, Nərimanov, Xəzər, Sabunçu, Binəqədi, Pirallahı, Suraxanı, Qaradağ:

Gəncə şəhəri üzrə – Kəpəz rayonu, Nizami rayonu.

Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları – Naxçıvan şəhəri, Babək rayonu, Culfa rayonu, Kəngərli rayonu, Ordubad rayonu, Sədərək rayonu, Şahbuz rayonu, Şərur rayonu,