Tribuna İnformasiya Agentliyi

Plastik qablarda turşu qoymaq təhlükəlidir

08 Oktyabr

Havalar soyuduqca turşuya qoyularaq konservləşdirilmiş məhsulların mövsümü başlayır. Təəssüf ki, həmin məhsullardan istifadə zamanı zəhərlənmə halları ilə də üzləşənlər olur. Bunun başlıca səbəbi mikrobioloji çirklənmə, yəni botulizmdir.

Botulizm konservləşmə düzgün aparılmadıqda baş verir?

Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva məlumat verib.

G.Babayeva deyib: “İlk növbədə qida məhsullarının konservləşdirilməsi zamanı istifadə olunan meyvə-tərəvəzin təbiliyinə diqqət yetirmək lazımdır. Kiflənmiş, çatlamış, vaxtı keçmiş və köhnə meyvə-tərəvəzlərdən istifadə edilməməlidir. Konservləşdiriləcək məhsullar axar su altında təmiz yuyulmalı, istifadə olunacaq qablar isə düzgün sterilizə olunmalıdır. Şüşə və plastik bankalar, qapaqlar mütləq ən azı yarım saat suyun içərisində qaynadılmalıdır. Plastik qablarda turşu qoymaq daha təhlükəlidir. Belə qablardan istifadə edildikdə isə konservləşdirilmiş məhsulun saxlanma müddəti uzun olmamalıdır. Bankanı bağlayarkən içərisində çiy su və hava qalmamalıdır”.

Şöbə müdiri market və ticarət şəbəkələrində sənaye üsulu ilə hazırlanmış konservləşdirilmiş məhsulları alarkən onun üzərindəki istehsal və saxlanma tarixinə diqqət yetirməyin vacib olduğunu da qeyd edib. Onun dediyinə görə, istehsalı şübhə doğuran, qapağı qalxan bankalarda olan məhsullardan istifadə etməməyə diqqət yetirmək vacibdir.