Piyadaların ölümünü necə azaltmaq olar? – Nəqliyyat ekspertibackend

Piyadaların ölümünü necə azaltmaq olar? – Nəqliyyat eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İnsan itkisiylə nəticələnən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi üçün küçələr, yollar geniş işıqlandırılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov ildən-ilə artan yol-nəqliyyat hadisələrinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olmaq üçün hansı vacib tədbirlərin görülməsindən danışarkən deyib. Həmsöhbətimizin fikrincə, ilk növbədə yol infrastrukturundakı problemlər aradan qaldırılmalıdır:
“Ölkədə baş verən yol-nəqliyat hadisələrinin minimuma enməsi üçün yol hərəkəti iştirakçılarının diqqətli və intizamlı olmaları məsələnin bir tərəfidir. Amma bunun üçün də zəmin olmalıdır. Yol infrastrukturunda problemlər mövcuddur. Hərəkətin təşkili, nişanlar, işıqforlar, yol ayrıcılarında təhlükəsizlik məsələsində problemlər var”.
Ekspert düşünür ki, küçələr tam işıqlandırılarsa, yol nəqliyyat hadisələri də xeyli dərəcədə azalar:
“Ən ciddi problemlərdən biri küçələrin işıqladırılmamasıdır. Belə vəziyyətdə sürücülər axşam vaxtı piyadaları görməkdə çətinlik çəkir. Ona görə də piyadaların vurulması hadisəsinin 70 faizindən çoxu qaranlıq, axşamtərəfi baş verir. Ölkənin müxtəlif şəhərləri üzrə çoxsaylı küçələrdə səkilər yoxdur. Səki olmadığından piyadanın yolun hərəkət hissəsinə çıxması ilə bədbəxt hadisə baş verir. Bir sıra yerlərdə ehtiyac olsa da, piyada keçidləri yoxdur. Piyada keçidlərinin olduğu bir çox yerlər isə yaxşı  işıqlandırılmayıb”.
Başqa bir tərəfdən, Ə. Hüseynova görə, problemin həlli üçün insanın davranışı, düşüncəsinin dəyişməsinə nail olmalıyıq:
“Yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramında sürücü olmaq məsələsinin təkmilləşdirilməsilə bağlı maddəyə də əməl edilməlidir. Yol infrastrukturu ilə bağlı elə təbliğat aparılmalıdır ki, insan davranışı, düşüncəsi, yanaşması dəyişsin. Bu istiqamətdə vizual nümunələr olmalıdır. Bütün bu istiqamətdə dövlət qurumları daha ciddi çalışmalıdır. Çünki təhlükəsizliyin idarə olunması onların səlahiyyətindədir”.