Peyvənd olunmayan tələbələr universitetdən xaric ediləcək? – AÇIQLAMAbackend

Peyvənd olunmayan tələbələr universitetdən xaric ediləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tədris prosesinin əyani formaya keçərkən məsələlər bütün müvafiq qurumlarla müzakirə olunub”.

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əyani tədrisin epidemioloji vəziyyət maksimum dərəcədə nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır:

“18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub. Onlar vaksinasiyadan keçmədiyi halda təhsil müəssisələrinə buraxılmayacaqlar. Eyni zamanda, həmin təhsilalanlar oktyabrın 1-dək iki doza vaksin qəbul edəcəklərsə, bu, o deməkdir ki, onlar ictimai nəqliyyatdan da istifadə edərkən ciddi problemlə üzləşməyəcəyik. Bütün bunlar hesablanıb. Ehtimal olunur ki, vaksinləşmə prosesi davam etdikcə, peyvənd vurdurmuş tələbələr təhsil müəssisələrinə gəldikdə belə, onlar yoluxma sayının artmasına təsir etməyəcək”.

Maraqlıdır, bu və ya digər səbəblərdən vaksinasiya olunmayan tələbələrin aqibəti necə olacaq? Həmin tələbələr universitetdən xaric oluna bilərlərmi? Ümumiyyətlə, hansı hallarda tələbə universitetdən xaric oluna bilər?

Bununla bağlı Cebhe.info-ya təhsil eksperti Kamran Əsədov danışıb. O, təhsilalanlar üçün vaksinləşmənin ilkin tələb olduğunu bildirib:

“29 sentyabrdan etibarən Azərbaycan ali təhsil müəssisələrində tədris ənənəvi qaydada bərpa ediləcək. Əlbəttə ki, qaydalara riayət etmək şərti ilə yaşı 18-dən yuxarı olan ali, orta ixtisas məktəblərində təhsil alan tələbələrin vaksinasiya olunması ilkin tələblərdən biridir. Bu, o demək deyil ki, ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr vaksin olunmasalar, onlar universitetdən xaric ediləcək. Birmənalı şəkildə belə deyil. Düzdür, ali təhsil müəssisələrinə tələbələrin qəbulu və xaric edilməsi qaydalarında var ki, daxili nizam-intizamın pozulması tələbərin ali və orta ixtisas təhsilli müəssisələrindən kənarlaşdırılmasına səbəb kimi göstərilə bilər”.

Ekspert deyib ki, hazırda qanunvericilikdə peyvənd olunmadığına görə tələbə sırasından xaric edilmə barədə məlumatlar yoxdur:

“Tələbə əgər ali təhsil müəssisində daxili nizam-intizam qaydasını pozarsa, akademik göstəricisi, dərsə dəvamiyyəti aşağı olarsa, onun uzun müddət tələbələr sırasından kənarda qalmasına, eləcə də tələbələr sırasından xaric edilməsinə gətirib çıxara bilər. Bu da məlumdur ki, yaşı 18 olan şəxslər mütləq vaksin olunmalıdırlar. Əgər dərsdə iştirak edə bilməyən tələbə tədris prosesindən uzun müddət kənarda qalarsa, onun tələbələr sırasından xaric edilməsi mümkündür. Bu Azərbaycan Respublikasında ali təhsil müəssisələrində təhsil alan tələbələrin qəbulu, köçürülməsi, bərpa və xaric edilməsi qaydalarında göstərilib.

Yəni uzun müddət tələbə tədris prosesində iştirak etməsə, bu, onun universitetdən, ali təhsil müəsissəsindən xaric edilməsinə gətirib çıxara bilər. Bu, tələbənin davamlı olaraq 6 ay ərzində tədris prosesində iştirak etməməsi zamanı mümkündür”.