PƏRVİN: «Zövq aldığım və sevdiyim bir işlə məşğulam»backend

PƏRVİN: «Zövq aldığım və sevdiyim bir işlə məşğulam»

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tia.az-ın bu dəfəki qonağı “Qobustan” jurnalının baş redaktoru, ADPU-da “Ədəbiyyat” kafedrası­nın müəllimi, Gənc Tamaşaçılar Teatrının mətbuat katibi, yazıçı Pərvin Nurəliyevadır.

-Pərvin xanım, yazıçı olmaq uşaqlıq arzunuz idi? Ya bu həyatın sizin üçün olan planı idi?

– Təşəkkür edirəm. Əvvəla, xoş gəlmisiniz. Sualınıza gəldikdə isə deyim ki, bu günlərdə  bir müsahibə vermişdim və artıq ondan sonra anamgil mənə bir qadağa qoydular ki, bəsdir daha bizdən danışma. Amma əgər həqiqətən bütün baş verənlər onların xidmətidirsə, ailədən gəlirsə, bunu deməmək ədalətsizlik olar. Ailə üzvlərim atam,  anam mənim bu sahədə özümü gerçəkləşdirməyimi, özümü reallaşdırmağımı istəyirdilər. Bu arzuları da yəqin ki, hansısa mənada onların müşahidələrindən irəli gəlirdi. Zarafatları var idi. Məsələn, anam deyirdi ki, Pərvin bir yerə yarım saatlıq gedib gəlir, dörd saat danışır. Yəni müşahidələr, fikirlər çox olurdu. Atam hər zaman bu müşahidələrimi yazmağımı tövsiyə edirdi və əlbəttə ki, lap uşaqlıqdan yazmağa başladım, indiyə qədər o dəftərlər məndə qalır. Amma təbii ki, taleyin də, qismətin də, Tanrının bizim üçün cızdığı yolun da mənası, əhəmiyyəti var. Çünki ola da bilərdi ki, məktəbi bitirəndən sonra arzuladığım universitetin istədiyim ixtisasına qəbul ola bilməzdim və bir çox yaşıdlarım kimi fikrimi dəyişərdim başqa sahəyə gedərdim, başqa işlə məşğul olardım. Və işim də yaradıcılıqla uyğun gəlməzdi, belə yazmaq arzusu da hardasa korşalıb itərdi… Yaxşı ki, belə oldu!
-Qobustana yeni təyinat haqda? Qobustanda işlər necədir? Yeni planlar nədir?
-Gənclərlə daha çox iş olacaq mı?

– Sizə payız sayımızı verəcəm. Biz artıq müəyyən dəyişikliklər etməyə müvəffəq olmuşuq. Amma bunu daha öncəki müsahibələrimdə də demişəm ki, bilirsiniz ki, «Qobustan» dərgisi 50 ildən çox tarixə malikdir və onun tarixçəsin araşdıranda anladım ki, «Qobustan»da inqilabi dəyişikliklərə yox, daha çox tarixi ənənələrin bərpasına ehtiyac var. Dərginin bütün 50 illik fəaliyyətini araşdırıb arxivini yaratdıq. Həqiqətən də bu gün yenilik adına qəbul etdiyimiz bir çox özəllikləri, yenilikləri Qobustan zamanında edib artıq. Və bu mənada eyni zamanda da Qobustan çox uzun bir müddət bəlkə də indi də azsaylı sənətyönümlü dərgi olub.  Bir vaxt burda ədəbi materiallar çox az verilib, əsasən kino, teatr, rəssamlıq, təsviri sənət, heykəltaraşlıq, xalçaçılıq, unudulmuş kiçik sənət növləri və s. sahələrə aid araşdırmalar yer alıb. Bu tarixi ənənələri bərpa edə bilsək, gözəl olacaq.  Gənclərlə işə gəldikdə isə, elə  Payız sayını vərəqləsəniz görərsiniz ki, orda bir neçə müəllif var, ilk dəfə mətbuatda çap olunurlar. Yəni biz artıq “Söz gənclərdə” layihəsini başlatdıq. “Söz gənclərdən” layihəsində biz ümumi bir mövzu, ümumi bir konsepsiya qoyuruq və bu mövzu  ətrafında gənclər həmin müzakirələrə qoşulurlar və onların yazıları dərgidə yer alır.

 – Dərgini vərəqləyəndə içərisində rəssamlığa həsr olunmuş rəngli səhifələrə də rast gəldim…

– Əlbəttə arzumuz bütün dərgini rəngli buraxmaqdı, amma bu, indiki durumda maddi cəhətdən çətindi. İndilikdə buna nail olduq ki, Qobustanın içərisində 12 səhifə rəngli getsin və yanaşmamız bundan ibarətdir ki, bu bölümhər zaman Azərbaycan rəssamlarına həsr edilsin. Sanki dərgi içərisində dərgi təsiri bağışlasın. Həmçinin o 12 səhifə hansı rəssama həsr olunursa, üz qapağına həmin rəssamın rəsm əsəri çıxır.  Baxın o üz qapağındakı rəsm əsəri Mikayıl Abdullayevin “Xatirələr”idir. Bu da təbliğatın bir növüdür… Hələ ilk  cəhdləri edirik, bu işin incəliklərini öyrənirik. Zamanla daha maraqlı olacağımıza da ümidimiz var.

– Doğrudan da, xeyli maraqlı məqamlar var, mənim diqqətimi həm də orijinal illüstrasiyalar çəkdi. Ümumiyyətlə dərgi cəlbedicidir, sizinlə əməkdaşlıq etmək istəyir adam…

– Bizim niyyətimiz də elə budur… (gülür) Oxucu oxumaq, qələm adamları əməkdaşlıq etmək istəsin… Böyük məmnuniyyətlə sizi əməkdaşlığa dəvət edirəm, sənətin sizə maraqlı sahələrində yazın və bizə göndərin…

– Amma sizin özünüzün də bu mövzularda maraqlı yazılarınız var…

– Təşəkkür edirəm. Amma arzum dərgini mühitin əsərinə çevirməkdi, yaxud da sağlam düşüncəli gənclərlə öz ab-havamızı yaratmaqdı. Zaman-zaman Qobustan da, başqa mətbu orqanlar da bunu edə biliblər. İndiki zamanda çətindi əlbəttə, amma mən özümün irihəcmli yazılarımı jurnala doldurmağı qəti doğru saymıram. Artıq elə qış sayı üçün bir neçə imzası diqqətimi cəlb edən gənclərə yazılar sifariş etmişik. Həmçinin sosial şəbəkə hesabları, youtub platformasında Qobustan tv səhifəmizlə yeni nəsil oxucuya da müraciət arzusundayıq. Bütün bunlar uzun, çətin və maraqlı yolun kiçik elementləridir.
-Ədəbi mühitdə aparıcı imzalardan birisiniz. Hazırkı ədəbiyyatın durumu ilə fikirləriniz necədir, sanki qələm adamlarının əli işdən soyuyub…

– Son iki ildə vəziyyət çox dəyişdi əlbəttə. Dünən Yazıçılar Birliyinin pilləkanlarını qalxanda tədbir gördüm və təəccübləndim ki, Natəvan klubunda tədbir varmış. Amma biz tədbirlərin bolluğundan şikayət edirdik. Yəni bir zamanlar az qala hər gün Natəvan klubunda geniş müzakirələr, kitab təqdimatları və s. keçirilirdi. Bəlkə o zaman biz heç özümüz də bunun fərqində deyildik ki, bu doğurdan da faydalı bir iş imiş. Çünki bunun özü ki, insanlar hazırlaşıb, düşünüb, daşınıb tədbirə gedirlər, necə deyərlər, kitab görüşünə gedirlər. Bunun özünün insanın ovqatına, xarakterinə, davranışına müəyyən bir təsiri var imiş. Yəni əvvəl belə bir düşüncə var idi ki, insanlar yığışıb bir-birini tərifləyib, dağılışır, nəyə lazımdır bu? Amma bu gün bu olmayanda mən fikirlışirəm ki, sən demə bunun əhəmiyyəti var imiş. Yəni insanların özünü toparlaması, kitabın görüşünə getməsi, kitabla bağlı danışması, kitabla bağlı düşünməsi, hər hansı bir müəllifin ətrafında toplaşması bunun özünün ab-havaya təsiri var imiş.

Təbii ki, sizin söylədiyinizdə böyük bir həqiqət var ki, son zamanlarda xüsusən pandemiya çox böyük təsir göstərdi ki, müəlliflər bir qədər həvəsdən düşdülər, insanlarda müəyyən bir ümidsizlik yarandı. Amma bizim xalqımızın bu pandemiyanın içərisində böyük bir uğuru oldu ki, bu uğur bizə yaşamağa və işləməyə, yazmağa sövq edən hadisədir. Bu da təbii ki, Qarabağ zəfərimizdir ki, Qarabağ zəfərimiz bir daha göstərir ki, hələ 100-100 illər bu böyük qələbədən yapışıb yaşamaq, yazmaq olar. Bu əslində bir o qədər böyük gücdür ki, bütün bədbinlikləri dağıdan, vuran, yıxan bir gücdür. Ona görə həqiqətən də sevindirici haldır ki, elə dünən Vaqif poeziya günlərinin həsr olunmuş səhv etmirəmsə “Şuşaya dönüş” kitabının təqdimatı oldu. Bundan əvvəl Yazıçılar Birliyi Qarabağa həsr olunmuş “Qarabağ Dastanı” adlı kitab nəşr etdi. Bunun artıq həm Qarabağda, həm Bakının müxtəlif kitab fuarlarında, yarmarkalarında, Bakı Kitab evində təqdimatı olub. Yəni bütün bunların hamısı həyatımızın müəyyən qədər öz məcrasına qayıtdığını göstərən məqamlardır.

-Kifayət qədər məsuldar yazıçısınız. Həm işlər həm də ailə işlərinin arasında yaradıcılıqla məşğul olmaq çətin olmur ki?

– İnanın ki, bəzən dəhşətli bir qaçahaqaçlı həyat içərisində yaşayıram. Amma eyni zamanda da başqa cür yaşamağın yolun da bilmirəm, görmürəm. Sadəcə hər işi çatdırmaq üçün bu günün tələbi ilə bu günün diktəsi ilə hərəkət etməlisən. İstirahətə, əyləncəyə zamanımız yoxdur və zatən də əgər zövq aldığın işlə məşğul olursansa bu artıq sənin üçün istirahət və əyləncədir. Bu mənada özümü çox bəxtigətirmiş insan hesab edirəm ki, zövq aldığım və sevdiyim bir işlə məşğulam. İkinci bir tərəfdən də əlbəttə ki, dediyim kimi zamanı doğru, düzgün bölüşmək, bölüşdürmək və bu günün tələbi ilə hərəkət etmək məsələsi var. Yəni bu gün əgər bu saatda dərsimdə olmalıyamsa mən o dərsimdən 1 saat öncə də gəlib universitetin ya yanında ya içərisində oturub, dərsimi gözləyəcəm. Yaxud eyni zamanda bu saatda mən teatrda bir premyerada olmalıyamsa, həmin saatı ailəmlə əyləncəyə sərf edə bilmərəm. Bunun sadəcə bir alışqanlıq tərəfi də var. Alışmışam belə yaşamağa. Bəzən zamanı 5 dəqiqələrə qədər bölüşdürməli oluram və buna öyrəşmişəm.

– Ailə üzvləriniz üsyan etmirlər ki?!

–  (gülür) Onlar daha barışıblar taleləri ilə… Doğmalar başa düşür ki, bu işi çatdırmalıyam.  Bəzən problem səhhətlə bağlı olur, təbii ki, insan orqanizmi müəyyən gərginliklərə dözmür, xəstəliklər baş qaldırır, immunitet 0-a düşür və s. Amma necəsə  toparlanırıq.

-İnsanlar arasında belə bir fikir var ki, Azərbaycan ədəbiyyatında qadın yazıçılar və şairlər kişilərdən daha zəifdir? Bu fikirlə
razılaşırsınız?

– Mənə elə gəlir ki, bu fikrin dağılması bundan sonra başlayacaq. Bilirsiniz istənilən bir sahədə müəyyən bir ənənələrə ehtiyac var. Dünyada çoxlu qadın Nobel mükafatçıları da  var, tanınmışlar da var, əsərləri bestseller olanlar da var. Amma Azərbaycana və Şərqə gəldikdə isə təbii ki, burda bir mühitin və zamanın da günahı var. Günah isə ondan ibarətdir əgər 20-ci əsrdə qadınların səhnəyə çıxması bu qədər problem idisə ki, Üzeyir bəy yazırdı əsərlərini lakin kimi səhnəyə çıxardacaq bilmirdi və Cəfər Cabbarlı kimi bir sənətkar ilk kino aktrisamız İzzət Orucovanı az qala addım-addım izləyib ki, necəsə razı salsın. Eyni zamanda «Oqtay Eloğlu» əsərində bu böyük problemi qaldırır ki, qadın yoxdur səhnəyə çıxmağa və Firəngizin faciəsi ilə nəticələnir bu problem. Yəni qadınların hər şeydən əvvəl azadlıq simvolu sayılan işlərlə məşğul ola bilməməsi problemi əgər hələ 100 il bundan əvvəl aktual idisə və bu gün də hansısa şəkildə aktualdırsa ki, biz hər gün mətbuatdan qadına şiddət, qadın ölümü ilə nəticələnən məsələləri eşdiriksə, böyük gözləntilər yersizdir. Qadın azadlığı ilə bağlı təməl, ənənə yaranmalıdır ki, bunun üzərindən yeni gələn nəsillər baxsın bu azad qadınlara və onlar da öz azad düşüncələrini ortaya qoymaqdan çəkinməsinlər. Bu əlbəttə ki, 1, 3, 5 müəllifin varlığı ilə başa gələcək iş deyil. Yadımdadır ki, bir neçə il bundan öncə Cənubi Azərbaycandan bir xanım şairə mükafat alırdı Bakıda və mükafatlanma mərasimində hər kəsi çox təsirləndirən bir söz dedi. O  dedi ki, biz uzun illərdir Azərbaycanda qadın şairələrin həyatına, yaradıcılığına baxıb güc almışıq, fikirləşmişik ki, biz də nəsə yaza bilərik. Dedi ki, bu gün gəlib Azərbaycanda mükafat almağım xoşbəxtlikdi, doğurdan da dəyərmiş bütün təpkilərə dözməyə. Bəli, hər yeni gələn nəsil, özündən əvvəlkilərə baxıb ibrət götürür, güc alır, onların qoyduğu təməllərin üzərində inkişaf etdirir öz yolunu və bu mənada yeni gələn nəsillər üçün bu bir qədər rahat olacaq. Doğurdan da mən bu gün tələbələrimi müşahidə edəndə, onların yanaşmasını analiz edəndə görürəm ki, onlar daha azaddırlar. Bizim bəlkə uşaqlığımızla, gəncliyimizlə müqayisədə onlar daha azad, daha sərbəst bir gənclik olaraq böyüyürlər və əlbəttə ki, bu qadın azadlığı, qadın sərbəstliyi, qadının öz azadlığını ifadə etmə bacarığı, ənənəsi yarandıqca bu fikirlər də dağılacaq.

– Çox maraqlı və fərqli əsərləriniz var. Bunları yazmaq üçün sizi təsirləndirən nələr olur? Əsər yazmaq üçün xüsusi olaraq şəhər də və ya bir sıra başqa mühitlərdə müşahidələr aparırsız?
– Bəli, əslində özümün bu xasiyyətimdən bəlkə yorulmuşam. Çünki elə yer var ki,  heç ədəbiyyat haqqında düşünməməlisən.  Bu mövzunu necə yazmaq olar, heç bu barədə düşünməməliyəm. Amma doğurdan da hər yerdə hər an o laborotoriyanın fəaliyyətdə olması yazan adamı rahat buraxmır. Əlbəttə ki, mən heç bir böyük dahilik iddeasında və özündən bir qeyri-adi istedad ab-havasını uydurub, mən bütün günü düşünürəm, mən bütün günü yazıram söyləmək niyyətində deyiləm və bu yanlışdır. İnsan sadəcə olaraq ömrünü yaşayır gedir. Yazıçı da sadə bir insan ömrü yaşayır. Sadəcə o vəziyyət ki, var hər anda nəyisə görmək, nəyəsə diqqət yetirmək, nəyəsə fikir vermək, o fikir verdiklərinin heç sən özün xəbərin olmadan sənin bazana toplanması, sonra o bazadan bu və ya digər şəkildə üzə çıxması bu fasiləsiz bir prosesdir.

Siz eyni zamanda uşaqlar üçün də əsərlər yazırsınız hansı daha çətindir? Böyüklər ya uşaqlar üçün əsərlər yazmaq?

– Təbii ki, uşaqlar üçün yazmaq daha çətindir. Bir neçə ay bundan əvvəl uşaqlar üçün bir pyes yazdım bu son pyesimdi. Eko layihə üçün yazdım bu pyesi. Pyesin məzmunu budur ki, təbiət uşağın yuxusuna çevrilir. Yəni bu gün ekologiya ilə bağlı uşaqlara etdiyimiz çağırışlar var ki, təbiəti qorumalıyıq və s. bu ideanı bir uşağın yuxusu şəklində göstərdim. Təbiətlə uşağın anası eynilik təşkil edir və biz belə düşünmüşük ki, bunu eyni aktrisa canlandıracaq. Anası uşağın yuxusuna girir və burada əslində ana təbiətdir. İnsan necə öz anasını incitməkdən, öz anasını üzməkdən qorxar, çəkinər bax bu ideanı irəli sürmüşük ki, biz əgər təbiəti incidiriksə biz əslində torpağı, Vətəni incitmiş oluruq. Anamızı incitmiş oluruq. Bax belə bir hətta əyləncəli küləyin rəqsi, yağışın rəqsi, yarpaqların səsi, payızın səsi bunların hamısı birlikdə bir prodakşn üçün işləmişik. İnşAllah ki, gerçəkləşəcək. Sadəcə bunu da yazanda, fikirləşdim özümdə ki, bəlkə əslində bizdə bir yanaşma var ki, uşaqlara fasiləsiz olaraq ağıl öyrətməliyik və bu yanaşma da yanlış bir yerə aparır, çıxarır. Amma mən uşaqlar üçün yazmağa başlayanda və bu barədə araşdırmalar aparanda başa düşdüm ki, uşaqlar üçün yazılan əsərlərə qoyulan tələblər daha çoxdur. Əsas tələb odur ki, uşaq sənin ona nəyisə öyrətdiyinin fərqində olmamalıdır. Uşaq əyləncənin, oyunun içərisində öyrənməlidir nələrisə. Uşaqlar bizim təsəvvür etdiyimizdən qat-qat ağıllıdırlar və bu mənada əlbəttə ki, uşaqlar üçün yazmaq daha çətindir.

-Siz eyni zamanda müəllim kimi də fəaliyyət göstərirsiniz. İndiki gənclərin ədəbiyyata, sözə marağı sizi qane edir?

-Şükürlər olsun ki, bu sahədə heç bir problemim və çətinliyim olmayıb. Bu il 11 ildir ki, dərs deyirəm, universitetdə. 11 il bundan əvvəl dərs dediyim tələbələrim indi də mənim həyatımdadırlar. Yazırlar, əsərlərimi oxuyurlar, zəng vururlar, yanıma gəlirlər, tədbirlərə qatılırlar, kitab təqdimatlarına qatılırlar yəni bu barədə heç bir şikayətim yoxdur. Başqa bir məsələ var ki, yeni gələn gənclik, tələbələr onlar bir qədər çağdaş, dinamik zamanın uşaqlarıdır  biz onlardan gəlin biz 19-cu əsrdəki kimi uzun uzadı oturaq, ədəbi məclislər təşkil edib və uzun-uzun ədəbi söhbətlər edək deyə tələbində buluna bilmərik, bir tələb qoya bilmərik ortaya. Bax bu dinamik zamanın uşaqları təbii ki, başqa yanaşma istəyirlər və mən bu yanaşmanı az-çox tapa bilən müəllimlərdənəm. Beləki bizim uzun illərdir ki, layihələrimiz var. Ədəbiyyatın dostları klubu var ki, tələbələrim o kluba qatılırlar. Biz birlikdə muzey ziyarətləri, tədbirlər, yazıçılarla görüşlər keçiririk. Pandemiyadan əvvəl böyük bir layihəmiz oldu ki, biz ilk dəfə Pedoqoji Universitetin heç vaxt səhnəyə çıxmayan, heç vaxt heç bir səhnəcikdə iştirak etməyən tələbəli ilə xalq yazıçısı Anarın “Keçən ilin son gecəsi” əsərini səhnələşdirdik. Böyük səhnədə tələbələrlə birlikdə tamaşanı oynadıq. Məncə bu birmənalıdır ki, nə baş verirsə, böyük-kiçik uğur olursa, bunlar hamısı gənclər üçündür. Yeni gələn gənclik bundan nəticə götürməyəcəksə, sanki bizim işimiz yarımçıq olacaq. Əlbəttə ki, mən tələbələrimlə kitab müzakirələri, əsər müzakirələri, əlavə görüşlər, əlavə söhbətlər keçirirəm,  bura «Qobustan»a yanıma gəlirlər və s. düşünürəm ki, işimizin böyük bir hissəsi onlardan ibarətdir.

-Bir yazıçı kimi efirlərdə gedən serialları bəyənirsiniz?

– Xeyr. Mən bir neçə dəfə seriallarla məşğul olan bir neçə fərqli hətta bu gün deyək serial sahəsində uğur qazanan, reytinqli serialların müəllifləri ilə söhbətlər etmişəm. Hansısa əməkdaşlıq təklifləri də çox olub. Amma heç vaxt bu iş sona qədər getməyibdir. Bu sahədə də bir qədər ənənələrin əhəmiyyəti var. Serialın tamaşaçısı evdə oturmuş və bir qədər asudə vaxtı çox olan adamdı. Yəqin biz hələ ortaq xətti tuta bilməmişik ki, necə edək ki, asudə vaxtı çox olan, evdə oturan adam, bir qədər savadı olmayan adamı maraqlandıraq, amma həm də elə edək ki, gerçək sənət meyarları dağılmasın, bayağılığa, bəsitliyə yol verməyək.  Bu işlə məşğul olan dostlarım da var ki, ssenari yazırlar. Mən hər zaman danışdırıram, soruşuram. Burda istənilən bir mətnin kodları var, hansı kodla yazırsınız və s. hər zaman sual verəndə tamaşaçı bunu istəyir – deyillər. Amma tamaşaçını da axı biz tərbiyə edirik. Əgər tamaşaçı bunu istəyir – deyiriksə o zaman nə olmalıdır. Bu gün instagramda, sosial şəbəkələrdə milyonlarla baxış sayı olan, çox eybəcər bayağı kontentlər var. Biz bu kontentləri mi inkişaf etdirməliyik? Necə yəni tamaşaçı bunu istəyir. Bəlkə hansısa bəlli bir müddət biz böyük qazanclarımızdan keçib, gerçək sənətin heyranı ola biləcək, gerçək sənətin arxasınca gedə biləcək tamaşaçını yetişdirməliyik. Bir müddət Azərbaycan mətbuatında da İP sayğacları yaranmışdı ki, saytlar düşmüşdülər bu İP sayğaclarının arxasında. Xəbər başlıqlarının vasitəsi ilə, oxucu cəlb edirdilər və s. Şükürlər olsun ki, bu, mətbuatda az-çox sıradan çıxdı. Lakin serial sahəsində də biz bir qədər böyük qazanclardan imtina edib, o tamaşaçını yetişdirməliyik, sonra artıq doğurdan da bizim serial səviyyəsində, dizi səviyyəsində təqdim olunası mövzularımız hədsiz çoxdur. Bilirsiniz bizim elə böyük romanlarımız var ki, məsələn bu yaxınlarda mən Rusiya kanallarının birində baxdım tək bircə faktı D.Şostakoviçin “Leninqrad simfoniyası”nın blokada zamanında Leninqradda səslənməsini tək bircə faktla bir serial eləmişdilər. 10 neçə seriallıq bir serial idi. Mən sizə deyim ki, qeyri-adi bir şey baş vermirdi. Amma bütün Rusiya bu serialdan danışırdı. Yəni məsələ burasındadır ki, bizim bu cür seriala çevrilə biləcək, dizi şəklində təqdim oluna biləcək faktlarımız, dastanlarımız, böyük həcmli romanlarımız kifayət qədərdir. Amma görünür tamaşaçını ora gətirmək, hazırlamaq lazımdır.

-Sonda hazırda hansı əsərlər üzərində işləyirsiniz və ya işləmək planınız var?

– Hal-hazırda gündəmdə mənim doktorluq mövzumdur. Bilirsiniz mən Fəlsəfə doktorluğunu müdafiə etmişəm, Elmlər doktoru proqramı üzrə təhsil alıram. Düşünürəm ki, Qobustanın “Qış” sayını buraxdıqdan sonra bir müddət lazımdır ki, mən ancaq bu işə fokuslanım. Yəqin ki, bir müddət sonra doktorluq mövzumu yekunlaşdıracam. Bəlli bir mərhələyə çatdıracam. Amma eyni zamanda yaradıcılıqla bağlı arzu çoxdur, iş çoxdur, plan çoxdur həm Qobustanda həm öz yaradıcılığımda. Çoxdan yarımçıq qalmış bir layihəm vardı ki, “Azərbaycan Qadınları”, bir neçə esse yazılıb da, amma vaxt qıtlığından bu iş yarımçıq qalıb. Düşünürəm ki, bu il daha doğrusu gələn ilin əvvəlindən bu layihəni davam edəcəm. Bu təqdimatların özünün də yeni nəslin ədəbiyyata marağını, oxumağa marağının yaranmasında xidməti var, rolu var. Ona görə də bu işlər yavaş-yavaş öz həllini, yolunu tapacaq. Bir də bəlkə bir arzu olaraq qalır. Bir pyes üzərində işləyirəm, “7 qadın taleyi” adında. Onu bəlkə gələn il reallaşdırdıq. Amma eyni zamanda bunlar hamısı arzu olaraq qala da bilər. Yaradıcı prosess çox da uymur planlara…  Məsələn, ötən il mənim heç ağlıma gəlmirdi ki, rus ədəbiyyatından ardıcıl araşdırmalar apararam. Amma pandemiya zamanı gördüm ki, bu araşdırmaların mənası var. “Vəziyyət ruscadır” adlı silsilə yazılar yazdım, kitab şəklində çap olundu. Sizə deyim ki, mənim özümün fərdi inkişaf planımda “Vəziyyət rusçadır” layihəsinin öz yeri oldu. Bu mənada bizdən asılı olmayan işlər daha maraqlıdı bəlkə…

– Maraqlı söhbət üçün təşəkkür edirəm, Pərvin xanım, yeni yaradıcılıq uğurları diləyirəm sizə…

– Mən təşəkkür edirəm və sizi bir daha əməkdaşlığa dəvət edirəm…

Tia.az