Pensiyaçıların sayı azalacaq – Bu tarixə qədər…backend

Pensiyaçıların sayı azalacaq – Bu tarixə qədər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ildən Azərbaycanda pensiyaçıların sayında azalma müşahidə edilir.

Beş il əvvəl ölkəmizdə 1,315 milyon pensiyaçı olduğu halda onların sayı 2021-ci ilin yanvarın 1-də 1,229 milyona enib. 2021-ci il aprelin 1-də isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1,22 milyon pensiyaçı qeydiyyatda olub.

Müqayisə göstərir ki, 2017-ci ildən indiyə qədər pensiyaçıların sayı 95 min nəfər və ya 7,22 faiz azalıb. Azalma nəticəsində pensiyaçıların ölkə əhalisinə nisbəti 13,4 faizdən 12,2 faizə qədər geriləyib.

Bəs, pensiyaçıların sayında azalma nə ilə bağlıdır və azalma dinamikası hansı tarixə qədər davam edəcək?

Sfera.az bildirir ki, pensiyaçıların sayında azalma daha çox “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklə bağlıdır. 2017-ci ildən tətbiq edilən yeni qaydalara görə Azərbaycanda pensiyaya çıxma yaşı artırılıb və həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65-ə qaldırılıb.

Bu müddət mərhələli şəkildə tətbiq olunur. Kişilər üçün nəzərdə tutulan yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi isə 2017-ci il yanvarın 1-dən başlayaraq 2026-cı ilin ikinci yarısına qədər hər il 6 ay artırılır.

Artıq kişilərin hamısı 65 yaşında pensiyaya çıxır. Qadınlar isə hazırda 62 yaşında pensiyaya çıxır və qadınların pensiyaya çıxma yaşı 65-ə 2026-cı ilin iyulun 1-də çatdırılacaq. Dinamika göstərir ki, yaşa görə pensiyaya çıxanların sayı ən azından 2027-ci ilə qədər artmayacaq.

2017-ci ilin əvvəlində ölkəmizdə yaşa görə pensiyaya çıxanların sayı 782 min olub. Onların sayı hazırda 715 mindir. Ötən müddətdə yaşa görə pensiyaya çıxanların sayı 67 min, yəni 8,57 faiz azalıb. Yaşa görə pensiyaya çıxanların sayında azalma ümumi azalma sürətindən yüksəkdir.

Pensiyaçıların sayında azalmaya təsir edən digər amil əlilliyə görə pensiyaya çıxanların sayının azaldılmasıdır. Son 3 ildə əlilliyə görə pensiyaya çıxma prosedurlarına əməl edilməsi rejimi ciddi nəzarətə götürülüb. Bunun nəticəsində son 3 ildə 8 minə yaxın şəxsin əlilliyə görə pensiyası dayandırılıb.
Saxta yolla əlillik alıb pensiyaya çıxanlar ifşa edilməklə yanaşı, əlilliyə görə ilk dəfə pensiya alanların da sayı azalıb.