Tribuna İnformasiya Agentliyi

Pele dünya çempionatına qatılmaqdan imtina edib

11 Aprel

Braziliyalı əfsanəvi futbolçu Pele Rusiyada keçiriləcək dünya çempionatına qatılmaqdan imtina edib.

“Report”un “Goal.com”a istinadən verdiyi məlumata görə, 78 yaşlı veteran hücumçu səhhətindəki problemlə əlaqədar DÇ-2018-in oyunlarına gedə bilməyəcək.

Pele 2016-cı ildə Braziliyada keçirilmiş Yay Olimpiya Oyunlarında da iştirak edə bilməyib. O, səhhətindəki problemləri əsas gətirərək olimpiya məşəlini yandırmaq təklifini qəbul etməyib. Braziliyalı ulduz 2012-ci ildə osteoxondroz xəstəliyinə görə cərrahi müdaxiləyə ehtiyac duyub. Lakin bu əməliyyat fəsad verib.

Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.