Payızda qiymətlər daha da artacaq, inflyasiya sürətlənəcək – Ekspertbackend

Payızda qiymətlər daha da artacaq, inflyasiya sürətlənəcək – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Çörəyin və un məhsullarının bahalaşması gözlənilən idi. Hələ ilin əvvəlindən çörəyin bahalaşacağı proqnozlaşdırılmışdı”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, ən narahatedici məqamlardan biri də bahalaşma prosesinin bununla yekunlaşmayacağıdır. Payıza doğru ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində yenidən artım olacaq. İnflyasiya prosesi isə daha da sürətlənəcək.
E.Məmmədov bildirib ki, dünyada kəskin inflyasiya meyilləri mövcuddur:
“Bir tərəfdən dünya üzrə artan pul kütləsi, ehtiyat valyutaların dəyərdən düşməsi, digər tərəfdən istehsal və logistika, nəqliyyat zəncirlərinin sınması, aparıcı xammal və resurs ixracatçıların həyata keçirdiyi proteksionist tədbirlər, ixracata məhdudiyyətlərin tətbiqi, sanksiyalar siyasəti qiymət artımını labüd edir. Bu, qlobal bir proses kimi dəyərləndirilməlidir. Lakin eyni zamanda, ölkədə iqtisadi bloka aid ciddi suallar yaranıb. İqtisadi bloka ilk növbədə, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri aid edilməlidir”.
Ekspert qeyd edib ki, bu gün biz hələ də buğda və digər strateji məhsullar üzrə idxaldan asılıyıq. İdxaldan asılılığın azaldılmasına çalışmaq lazımdır. Yerli istehsala və bu sahənin inkişafına üstünlük verilməlidir. Vəziyyətdən ən optimal çıxış yolu budur:
”Buğda minumum səviyyədə bazara çıxarılır. Azərbaycanda buğda və taxıl seqmentinin idxaldan asılılığının bu dərəcədə yüksək olması sahələrarası qeyri-tarazlığın mövcud olduğunu göstərir. Suvarma sistemində uzun onilliklər ərzində yaranmış ciddi problemlərlə bağlı müvafiq qərarlar verməliyik. Kənd təsərrüfatı sektorunda peşəkar idarəetməyə ehtiyac var. Nazirlər Kabinetinin əlaqələndirici rolu yüksəldilməlidir. Əks təqdirdə, uzun illər ərzində iqtisadi problemlər yaşana bilər. Hadisələrin gedişatı onu deməyə əsas verir ki, əsas ixracatçılar ixracla bağlı məhdudiyyətləri daha da çox sərtləşdirəcək. İdxaldan asılılıq bu səviyyədə qalacaqsa, biz problemlərin həllində çətinlik çəkəcəyik”.