Paşinyana qarşı qiyam qaldıran erməni general kimdir?backend

Paşinyana qarşı qiyam qaldıran erməni general kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ ki nə Ermənistanın baş naziri Nikol Paşinyan istəyinə nail olub, nə də ki, ona qarşı qiyam qaldıran baş qərargah rəisi Onik Qasparyan. Hər biri dünən qarşı tərəfə istefa çağırışı ilə müraciət etmişdi. Hər ikisinin tələbi havada qaldı. Paşinyan da yerindədir, Onik Qasparyan da. Zaman hər ikisinin və ümumiyyətlə Ermənistanın əleyhinə işləyir”.

Bunu politoloq Elxan Şahinoğlu Ermənistandakı vəziyyəti şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Paşinyanın öz xoşu ilə istefa verməyəcəyi bir daha bəlli oldu.

“Onun dünən meydana çağırdığı tərəfdarların sayı müxalifətin parlament binası qarşısında topladığı insanlardan ən azı iki dəfə çox idi. Belə vəziyyətdə Paşinyanı devirmək üçün Qasparyan ordunu və tankları meydanlara çıxarmalı və klassik hərbi çevriliş həyata keçirməli idi. Qasparyanın buna ya cəsarəti çatmadı, ya ağalarından müvafiq əmr almamışdı. Buna baxmayaraq, onun istefa vermək fikri də yoxdur. Onu otağından çıxarmaq üçün Baş Qərargahın binasına polis qüvvəsi göndərilməlidir. Buna da Paşinyanın hələ ki, cəsarəti çatmır”.

E.Şahinoğlu deyir ki, Paşinyanın baş üzərindən hərbi çevriliş təhlükəsi götürülsə də, ona ölkəni idarəetmək çətin olacaq.

“Kiçik Ermənistan silkələnməkdə davam edəcək, itaətsizlik artacaq. Ermənistanın iqtisadi eksperlərtlərinin sözlərinə görə koronavirus, müharibənin ağır nəticələri və davamlı hakimiyyət-müxalifət qovğası ölkədə bahalaşmanı sürətləndirib, dollar qalxır, maaşların verilməsi gecikir”.

Baş nazir Nikol Paşinyanı istefaya səsləyən Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyan kimdir?

General Onik Qasparyan 1988-1990-cı illərdə SSRİ ordusunda xidmət edib. Qasparyan SSRİ dağıldıqdan sonra təhsilini Rusiya Müdafiə Nazirliyinin zabit kurslarında davam etdirib. Qasparyan 1998-2001-ci illərdə daha 3 il Rusiya silahlı qüvvələrinin akademiyasında təhsil alıb. 2008-ci ildə yenidən Rusiya silahlı qüvvələrinin hərbi akademiyasında bir il təhsil alıb. Bundan sonra Qasparyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Yəni Onik Qasparyan hərbə dair nə öyrənibsə Rusiyaya borcludur. Rusiya hərbisi isə heç zaman xarici ölkələrdəki müdavimləriylə əlaqəni kəsmir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan Rusiyanın adamını 8 iyun 2020-ci ildə Baş Qərargahın rəisi təyib edib.

“Görünür, Paşinyanın başqa alternativi yox idi. Başqa maraqlı fakt isə ondan ibarətdir ki, Emənistan ordusunun Azərbaycana məğlub olduğunu Paşinyana məhz Qasparyan inandırıb və 10 noyabrda məlum bəyanat qəbul edilib. İndi isə Qasparyan məğlubiyyətə görə məsuliyyəti Paşinyana yükləməyə çalışır”, – E.Şahinoğlu deyib.