Partiya sədri: “Azərbaycan Türkiyə ilə hərbi ittifaq sazişi bağlamalıdır”backend

Partiya sədri: “Azərbaycan Türkiyə ilə hərbi ittifaq sazişi bağlamalıdır” 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bədrəddin Quliyev: “Dövlətdə təmsil olunan qüvvələrlə milli qüvvələr islahatlar aparmalı, ölkədə demokratik proseslərə start verilməli, hətta hakim partiyada da milli qüvvələr irəli çəkilməlidir”

Azərbaycan və Türkiyə ordusunun ölkəmizdə keçirdiyi birgə hərbi təlimlər artıq başa çatıb. Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev Reyting.az-a müsahibəsində deyib ki, iyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətində təcavüz cəhdindən sonra ölkəmizdəki “Beşinci kolon” aranı qarışdıraraq dövlət çevrilişi etmək niyyətində olub. Partiya sədrinin sözlərinə görə, Türkiyənin 11 min nəfərlik ordu ilə ölkəmizdə təlimlərə başlaması Azərbaycan üçün həm də bu baxımdan əhəmiyyətlidir:

– Aydındır ki, ermənilərin Rusiyanın dəstəyi ilə təxribatı, Azərbaycan daxilində “Beşinci kolon”un niyyətləri həm də ona hesablanırdı ki, kommunikasiya xətlərinə nəzarəti ələ keçirsinlər. Amma unutmayaq ki, Azərbaycanın yerləşdiyi coğrafiya türk dünyasının körpüsüdür. Bütün kommunikasiya xətləri, Rusiyadan yan keçən dəmir yolu, neft-qaz kəmərləri, ticarət yolları buradan keçir.

Sözsüz ki, son illər əldə etdiyi nailiyyətlər, beynəlxalq siyasətdə oynadığı rol ilə Türkiyə də önə çıxıb. Azərbaycan və Türkiyə arasındakı yaxınlıq müəyyən mənada Qarabağ probleminin həlli, Rusiyanın bölgədən çıxarılması deməkdir. Rusiya da bunun qarşısını almaq üçün ermənilərin əli ilə təxribat törətdi. Bununla yanaşı, Azərbaycanın daxilindəki satqınlarla çevriliş etmək niyyətləri də var idi. Başqa sözlə, erməni təxribatı ilə ölkə daxilində gərginlik yaratmaq, insanlarda narazılığı artırmaq və paralel olaraq ölkə daxilində agentura şəbəkəsinin milli dövlətə və sistemə qarşı təhdidi… Təxribatlara gedilsə də, onun qarşısı alındı. Belə bir mürəkkəb vəziyyətdə türk ordusu birgə təlimlər üçün Azərbaycana gəldi.

100 il əvvəl Bakıda, Naxçıvanda və digər ərazilərimizdə erməni və rusların törətdikləri qırğınların qarşısını türk ordusu aldığı və Azərbaycan dövlətini qurduğu kimi, indi də eyni təhlükə səbəbindən ölkəmizdədir.

Artıq təlimlər başa çatıb. Buna paralel olaraq, əvvəlcədən planlaşdırılsa da, dəniz oyunlarının keçirilməsi üçün Bakı buxtasına rus gəmiləri gəldi. Amma bu gəmilərin qarşılanması zamanı onların ayaqları altına xalıların salınmasına, gül-çiçəklə qarşılanmasına ehtiyac yox idi. Qənaətimcə, bu onu göstərirdi ki, daxildəki Rusiyameylli qüvvələr Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında maraqlı deyillər. Onlar bilirlər ki, bu yaxınlaşma son anda Rusiyanın regionda təsirinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də, ölkəmizdəki “Beşinci kolon” öz maraqları naminə qanı-qanımızdan olmayanlara nökərçilik etməyə hazırdırlar. Korrupsiya və sistem bunların əlində olub. Onlar ölkədə milli dövlətçiliyin qurulmasına böyük maneələr yaradıblar, inkişafa imkan verməyiblər. Satqınların rus hərbi gəmilərini Bakıda toy-bayramla qarşılamaları da bunu göstərirdi.

– Cəmiyyətdə türk ordusunun Azərbaycanda yerləşdirilməsi haqda təklif və fikirlər səslənir. Buna münasibətiniz necədir?

– Əvvəla qeyd edim ki, Türkiyə və Azərbaycan arasında strateji hərbi ittifaq müqaviləsi yoxdur. Hərbi əməkdaşlıq ayrı, hərbi ittifaq içində olmaq isə tam ayrı məsələdir. Əslində Hərbi doktrinamızda başqa ölkələrin ordusunun Azərbaycanda yerləşdirilməsinə dair maddə yoxdur.

Yeri gəlmişkən, ermənilər bizim 20 faiz ərazimizi işğal edib, hazırda müharibə şəraitindəyik. Hətta düşmənlərimiz dövlət səhəddində Azərbaycana qarşı təxribatçı addımlar atır. Baxmayaraq ki, belə vəziyyətdə beynəlxalq hüquq bizə imkan verir ki, təhlükəni sərhədlərimizdən 20-30 kilometr məsafədə uzaqlaşdıraq. Müharibə aparan dövlətin isə hərbi müttəfiqi olmalıdır. Məncə, Hərbi doktrinamızda dəyişiklik edilməlidir. Eləcə də Milli Təhlükəsizlik Konsepsiyasına əlavələr ola bilər.

1918-ci ildə türk ordusu bizi düşmənlərimizdən xilas edib, yaratdığımz dövlətin qarantı olub. Bu gün də həmin ordunun bura gəlməsi bizim gücümüzə güc qatır.

Vaxtı ilə Nuru Paşanı xainlərin əli ilə tutaraq ingilislərə təhvil verdilər. Nəsib bəy, Əhməd bəy və digər ləyaqətli insanların sayəsində Nuru Paşa Batum türməsindən qaçırıldı. Millətimizi qoruyan, onu ermənilərdən xilas edənləri bu millətin qanını içənlər daima satıb. İçimizdə olan əlheydər qarayevlərin, çingiz ildırımların, nəriman nərimanovların, bünyad sərdarovların davamçıları və töküntüləri indi də eyni məqsədə xidmət edirlər. Belə satqınların sayəsində Azərbaycan hər zaman torpaq itirib. Cümhuriyyət qurulduqdan sonra da İrəvandan başlayaraq itirə-itirə gəlmişik. Çünki vahid dövlət olmamışıq, müttəfiqimiz olmayıb, dövlətçilik ənənələri, milli kadrlar olmayıb. Bu səbəbdən də milli dövlət qura bilməmişik.

Qafqazda böyük ərazidə azərbaycan türkləri yaşayıb. Cümhuriyyət elan olunanda bizim 114 min kvadrat kilometr ərazimiz qalmışdı. İrəvan başda olmaqla 9 min kvadrat kilometrlik ərazi ermənilərə qalmışdı. Bu ərazilər onlara 100 illik müddətə verilmişdi və onlar da bəyan etmişdi ki, əraziləri əldə etdikdən sonra qırğınları dayandıracaqlar. Amma buna baxmayaraq ABŞ başda olmaqla, rus da, fransız da, ingilis də bu regionda türkə qarşı oldular, türk dünyasını dağıtdılar. İndi türklər yenidən bölgəyə gəliblər və rusun nökərləri bundan ciddi narahat olublar, ortaya SSRİ-nin bərpası ideyasını atırlar.

Lakin Azərrbaycan-Türkiyə münasibətləri hərbi müttəfiqlik haqqında sazişlə güclənəcək. Həmçinin bu, digər türk dövlətləri üçün nümunə olacaq.

Türkiyə NATO üzvü, demokratik dövlətdir. Açığı, yaxın 2-3 il ərzində prosesləri sürətlə aparmalıyıq, əks halda indi əlimizdəki vasitələr 3 ildən sonra təsirli olmayacaq. Biz yeni proseslərə hazır olmalı, daxildən birləşməli, müttəfiqlərimizi müəyyən etməliyik.

– Amma Belarusun timsalında SSRİ-nin bərpası ideyası ciddi formada iflasa uğrayır…

– Bəli, ilk olaraq Kremlin özü Belarusda vəziyyəti gərginləşdirdi. Diqqətlə baxın, indi Belarus xalqı meydana milli bayraq və simvollarla çıxır. Milli bayraqla ortaya çıxmaq, müəyyən tələblər səsləndirmək prosesində ola bilsin ki, Lukaşenkonun özünün də əli var. Bir müddətdən sonra görəcəksiniz ki, Lukaşenko mövcud bayraqdan imtina edərək milli bayrağı qaldıracaq, konstitusiya dəyişikliklərinə gedəcək. Bir sözlə, rusun qurduğu oyunlar öz başında çatlayacaq. Elə bizim ölkəmizdə də öz nökərləri vasitəsilə təxribata cəhd etdilər.

Açı həqiqət budur ki, biz müstəqillik əldə etdikdən sonra hakimiyyət uğrunda mübarizə aparmışıq, amma torpaqlarımız uğrunda mübarizə aparmamışıq. Ən böyük səhvimiz odur ki, milli hədəflər, milli dövlət uğrunda deyil, hakimiyyət uğrunda mübarizə apardıq. Və hakimiyyət uğrunda mübarizə aparanların əksəriyyəti də rusun agentləri olub. Təsəvvür edin ki, gəmi gələn kimi qabağında oynayırlar. Hələ demirəm ki, Bakının limanı Ələt limanıdır və Bakı buxtası faktiki işləmir. Amma bunlar hərbi gəmilərin Bakı buxtasına yön almasına səbəb olublar…

Mən iqtidar və müxalifətdə olmasından asılı olmayaraq milli qüvvələri bir yerdə olmağa dəvət edirəm. Hesab edirəm ki, Türkiyə ilə əməkdaşlığı ən yüksək səviyyəyə qaldırmaq lazımdır.

Səhv etmirəmsə Azərbaycan dövlət başçısının sentyabr ayında Türkiyəyə səfəri olacaq. Çox arzu edərdim ki, 15 Sentyabrı – Bakının işğaldan azad olunmasını Qələbə Günü kimi qeyd edək. Əminəm ki, məhz sentyabrda Türkiyə ilə ciddi əlaqələrin qurulmasının şahidi olacağıq.

Baxın, rus gəmiləri Bakıya gəlir və az sonra Ramiz Mehdiyev evində toy məclisi qurdurur. Hamı da bilir ki, Mehdiyev hakimiyyətdə olduğu dövrdə türk olmayanları hakimiyyətə gətirib, dövlətçilik yolunda olan şəxsləri sıxışdırıb. İndi də toy məclisi qurdurur, orada siyasi söhbətlər edilir.

– Amma buna görə məhkəmə Mehdiyevin yaxınlarını və toya gedən qonaqları cəzalandırdı…

– Görün toyda kimlər iştirak edib? Sabiq nazir, rektor və deputatlar… Bunlar sanki güc göstərirlər. Hələ ümid edirlər ki, Mehdiyevin şəbəkəsi ilə bunlar bəlkə nəsə etdilər.

Fətulla Gülən bəzən bir geyim geyinər və beləcə mesaj verərdi. Yəni bu gün biz burada toy ediriksə, kimlər üçünsə yas ola bilər – bu mesajı verirdilər? Hesab edirəm ki, milli qüvvələr, hakimiyyətdə olan şəxslər bu məsələdə ayıq-sayıq olmalıdır.

Qanun hamı üçün eynidir. Əslində bunu təşkil edənlərə 15 sutka inzibati həbs vermək azdır. Bunlar mənəm-mənəmlik edirlər. Hesab edirəm ki, 15 gün içərisində onların maskaları yırtılacaq. Amma satqınlara qarşı hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, milli qüvvələr bir yerdə olmalıdır və olacaq da.

– Türkiyənin regionda və dünyada nüfuzunun artacağı, bir sıra güc mərkəzlərinin onunla hesablaşmağa məcbur olacağını bildirirsiniz. Bunu hansı arqumentlərlə sübut edə bilərsiniz?

– İndiyə qədər Türkiyənin neft və qaza böyük təlabatı var idi. İndi vəziyyət dəyişib, Türkiyə Qara dənizdə 320 milyard kubametrlik qaz yatağı tapıb. Bu, ilkin kəşfdir. Yatağın dərinlikləri var və 3 min metrlikdə ümumi ehtiyatlar azı 3,4 trilyard kubametrdir. Bu, çox ciddi faktordur.

Türkiyə tapdığı qaz yatağını 2-3 ilə istifadəyə verəcək. Türkiyə ildə Rusiyadan 16 milyard kubametr qaz alırdı. Daha almayacaq. Beləcə, Rusiyadan asılılığı aşağı düşür. Eləcə də, Rusiyanın enerji daşıyıcıları alətindən istifadə edərək Avropaya təzyiq imkanları məhdudlaşır. Belə olan halda Rusiya çalışacaq ki, Qərblə oyunlara gedib İranı qurban versin, özü vəziyyətdən çıxsın. Türkiyə isə əksinə, güclənir. Belə bir vaxtda daxilimizdəki xainlər sona qədər rusa xidmət etmək, Türkiyə ilə yaxınlaşmağımıza mane olmağa çalışırlar. Bunlar çingiz ildırımların nəvələridir. Amma daha onların oyunları bitdi, qara niyyətlərini reallaşdıra bilməyəcəklər.

Xalça salanlara da sözüm odur ki, artıq bu ölkədə milli qüvvələr bir yerdə olacaq. Mənim də arzum budur ki, xalça salıb rus gəmilərini qarşılayanlar ömür boyu xalça yumaqla məşğul olsunlar.

Geopolitik şərtlər, regiondakı proseslər dəyişir. Biz həm milli, həm də digər problemlərin həlli baxımından türk dünyası, Türkiyə ilə bir yerdə olmalıyıq. Hesab edirəm ki, xəyanətkarlar bunun qarşısını almaq üçün təxribatlar törətməyə çalışacaqlar. Anlamırlar ki, Rusiyanın Xabarovski vilayətində qalxınma var, Başqırdıstanda etirazlar müşahidə olunur. Bir sözlə, Rusiya özü getdikcə zəifləyir. Azərbaycan Türkiyə ilə hərbi ittifaq sazişi bağlamalı, ölkə daxilində milli qüvvələrlə ciddi iş aparılmalıdır. Milli qüvvələr də millətin və dövlətin yanında olmağı bacarmalıdırlar.

– Milli qüvvələrlə hakimiyyət arasında münasibətlər necə qurulmalıdır?

– Artıq bir müddətdir ki, dialoq başlayıb. Hesab edirəm ki, dövlətdə təmsil olunan qüvvələrlə milli qüvvələr islahatlar aparmalıdır. Xain qüvvələri zərərləşdirdikdən sonra ölkəmizin imicinə diqqət etməli, demokratik proseslərə start verilməlidir. Parlament üsul-idarəsinə keçid etmək, xainləri prosesdən kənarda qoymaq lazımdır.

Ramiz Mehdiyevin qurduğu toy məclisi göstərdi ki, hətta hakim Yeni Azərbaycan Partiyasında da milli qüvvələr irəli çəkilməlidir. Ölkəmizin güclənməsi üçün bizim güclü müttəfiqimiz olmalı, təzyiqlərə tab gətirmək üçün bir yerdə olmalı və demokratik imicimiz haqqında düşünməliyik. Ümumiyyətlə, demokratiya və güc amilini nəzərə alaraq milli qüvvələr bir yerdə olmalı, dünyada öz yerimizi tapmalıyıq.