Parlamentdə boş qalan yerə seçkilər nə vaxt keçiriləcək? – AÇIQLAMAbackend

Parlamentdə boş qalan yerə seçkilər nə vaxt keçiriləcək? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçki qanunvericiliyində parlamentdə boş qalan yerlərə seçkilərinin nə vaxt keçirilməsinə dair məsələlərin konkret mexanizmləri sona qədər açıqlanmayıb. Qanunvericiliyin özündə bununla bağlı problemlər var. Seçki Məcəlləsində nəticələri ləğv edilən dairələr üzrə təkrar seçkilərin 60 gün müddətində keçirilməsi məsələsi öz əksini tapsa da, konkret zaman göstərilməyib.

Bu sözləri Axar.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev parlamentə boş qalan yerlərə seçkilərin keçiriləcəyi ilə bağlı MSK sədri Məzahir Pənahovun açıqlamasına münasibət bildirərkən deyib.

Ə.Nuriyev 2020-ci il 9 noyabr seçkiləri zamanı ləğv edilən 4 (33, 35, 74 və 80 saylı dairələr) dairə üzrə 1 il 10 ay ərzində seçkilərin niyə keçirilməməsi barədə bunları deyib:

“Bunun başqa səbəblər də var. 2020-ci ildən ölkədə koronavirus pandemiyası yayıldı. Bu dövrdə isə hüquq və azadlıqların müəyyən qədər məhdudlaşdırılması baş verdi. Dövlətin borcu da ondan ibarətdir ki, vətəndaşları bugünkü təhlükələrdən qorumaq üçün etibarlı təminat sistemi yaratsın. Bu, seçki prosesinin bütövlükdə tam ədalətli, demokratik, obyektiv, hərtərəfli keçirilməsinə maneə yarada bilərdi. Həmçinin Azərbaycan ərazisində 2020-ci ildə hərbi vəziyyət elan olundu. Ölkədə səfərbərlik elan olunarkən hər hansı bir seçki keçirilə bilməz”.

Ə.Nuriyevin sözlərinə görə, parlamentə boş qalan yerlərə seçkilərin keçirilməsi fevral ayından sonra baş tuta bilər:

“Hazırda ölkəmizdə pandemiya davam edir və məhdudiyyətlər tam aradan qaldırılmayıb. Bu, parlamentdə boş qalan yerlərə seçkilərin keçirilməsini ləngidən əsas səbəblərdəndir. Seçkilərin belə məhdudlaşdırıcı şəraitdə keçirilməsi doğru olmaz. Fevral ayında bütövlükdə ölkə ərazisində peyvəndləmənin tam olaraq başa çatması gözlənilir. Bu da kütləvi immunitetin yaranması deməkdir. Belə halda seçkilərin keçirilməsi imkanları böyüyür”.