Tribuna İnformasiya Agentliyi

Parkinqlərdə sürücüləri şantaj edib zorla pul alırlar – DİQQƏT

06 Noyabr

“Bakı şəhərində parklanma ilə bağlı ciddi problemlər, pərakəndəlik və özbaşınalıq var. Bunu hamı yaxşı bilir.” Bunu Avtosfer.az-a yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünaş Ərşad Hüseynov deyib. Ekspert dünən aldığı bir məlumatdan təəccübləndiyini bildirib.
“Adının hallanmasını istəməyən bir xanım sürücü deyir ki, parklanma yerindən 10-15 dəqiqə istifadə etdikdən sonra “nəzarətçi” ona yaxınlaşıb deyir ki, ödəniş etməmisiniz, ona görə də 40 manat cərimə olunursunuz. Hətta bu adam xanıma hansısa kağız da uzadırmış ki, alın və elə indi cəriməni ödəməlisiniz. Adam hətta polis çağırıb xanımın bölməyə aparılacağı ilə də hədələyirmiş. Uzun mübahisədən və ətrafdakıların da müdaxiləsindən sonra hər hansı ödəniş edilmədən söhbət bitib.”
Ə. Hüseynov bildirib ki, buna bənzər məlumatlar olub. İndi parkamatda ödəniş etməyənləri “cərimə” ilə hədələyrilər.
“Məlumat üçün deyim ki, hazırda Bakıda parklanma yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti BNA-ya məxsusdur. Küçələrdə park nəzarətçisi kimi gördüyünüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi isə aydın deyil, çünki parklanma yerləri bu Agentliyə təhvil verilməyib. Başqa sözlə, parklanma yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu (park yerlərinin sayı) bəlli deyil. Parklanmaya görə ödənişin məbləği də müəyyən edilməyib. Sizdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara, kimin cibinə getdiyi aydın deyil.
Ödəniş etməməyə görə cərimə tələbi isə digər tərkib əlamətləri də olduqda cinayət sayıla bilər. Belə halla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə (DYP-yə yox) müraciət edin.”
Ekspert onu da əlavə edib ki, bu xaosa son qoyulması da çox gecikir. “Parklanma yerlərini BNA-ya təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ ki, baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə normal parklanma təsərrüfatı yaradılmlıdır.”