Park yeri salmaq üçün oyun necə qurulub? – Təfərrüatbackend

Park yeri salmaq üçün oyun necə qurulub? – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilib yerində parkinq salınması hadisəsi ilə bağlı məsələ səngidi. Parkinq söküldü, yerində ağac əkildi.

Amma hər kəsi bir sual düşündürür: Ağacların kəsiləsinə kim icazə verib? Park yerinin salınması üçün aidiyyatlı dövlət qurumlarından icazə alınıbmı? Çünki ötən gün parkinqi salan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəsmisi media nümayəndələrinin qarşısında əlindəki sənədləri göstərərək bildirirdi ki, bunun üçün rəsmi icazə alınıb.

“Yeni Sabah” məsələ ilə bağlı yeni təfərrüatlar əldə edib.

Bəlli olur ki, bu ilin fevral ayında Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərova müraciət edib. O, öz müraciətində bildirib ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova bələdiyyəyə müraciət edərək Bülbül prospekti 18-30 ünvanında binanın qarşısında quru vəziyyətdə olan ağac barəsində müvafiq tədbir görülməsi üçün məktub ünvanlayıb.

Müraciətlə bağlı araşdırma aparan Agentlik mart ayının 3-də bələdiyyəyə cavab göndərib. Cavabda bildirilir ki, sözügedən ünvanda bir ədəd Safora ağacı yarımquru, gövdəsi çürüyərək qəza vəziyyətində olduğu üçün yerində yeni tingin dərhal əkilməsi şərti ilə çıxarılasın.

Həmin ekspertiza rəyində  “yerində yeni tingin dərhal əkilməsi şərti ilə” tapşırığı xüsusi şriftlə verilib. İttifaq və ya bələdiyyə həmin rəyə uyğun olaraq sözügedən ağacı çıxarıb və həqiqətən də yerinə yeni ağac əkilib.

Amma aradan qısa müddət keçəndən sonra yeni əkilən ağacın yeri dəyişdirilib və gecə ilə ərazidə parkinq yeri salınıb.  Bundan sonra baş verənlərdən isə artıq oxucuların xəbəri var.